
Bakı. Trend:
UNEC rektoru professor Ədalət Muradov “İxtisas üzrə Minor Təhsil Proqramı”nı uğurla
bitirən tələbələrlə görüşüb.
Proqramın ilk məzunlarını təbrik edən rektor, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb. Məzunların məşğulluğunun
universitet üçün əsas prioritetlərdən olduğunu vurğulayan rektor,
2021/2022-ci tədris ilindən başlayaraq, həyata keçirilən “İxtisas
üzrə Minor Təhsil Proqramı”nın məzunların əmək bazarına çevik
uyğunlaşmasını təmin etmək məqsədi daşıdığını bildirib.
Rektor ömürboyu təhsilin, sertifikat proqramlarının getdikcə
daha da dəyər qazandığını gənclərin diqqətinə çatdıraraq, onlara
daima bilik və bacarıqlarını yeniləmələrini tövsiyə edib.
Sonra tələbələr proqramla bağlı təəssüratlarını bölüşüblər.
Dünyanın aparıcı universitetlərində tətbiq olunan Minor proqramının
UNEC-də
reallaşdırılmasını, digər ixtisas üzrə də müvafiq sertifikatlar
əldə edə bilmələrini böyük üstünlük kimi qiymətləndiriblər.
Məzunlar proqram çərçivəsində əldə etdikləri biliklərin onların
gələcək əmək fəaliyyətlərində önəmli olacağından əminliklərini
ifadə ediblər.
Tələbələr proqramın daha da təkmilləşdirilməsi istiqamətində
təkliflər də səsləndiriblər.
Sonda isə tələbələrə “Minor” sertifikatları təqdim olunub.





























