Bakı. Trend:
Təhsil İnstitutu iyunun 21- 22-də və 24-də keçiriləcək
sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunmuş fənn
müəllimlərinə dəstək məqsədilə sınaq imtahanı keçirəcək.
İnstitutdan Trend-ə
bildirilib ki, sınaq imtahanının linki iyunun 14-ü saat 15:00-dan
etibarən başlayaraq iyunun 15-i saat 15:00-dək aktiv olacaq. Bu
müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq
imtahanında iştirak etmək imkanı olacaq.
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika
və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı
bitən kimi cavablar avtomatik olaraq sistemə göndəriləcək və
nəticələr dərhal ekranda görünəcək.
İmtahandan sonra sınaq imtahanlarında istifadə edilən tapşırıq
nümunələri düzgün cavabları ilə Təhsil İnstitutunun rəsmi saytında
yerləşdiriləcək.
TEAMS proqramında əvvəlcədən qeydiyyatdan keçmiş və şifrəsini
unutmuş müəllimlər təlimat videosundan istifadə edərək şifrəni bərpa edə
bilərlər.
Müəllimlər sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən
virtual məktəbdəki (TEAMS) mövcud qrupa daxil olub dəvət
gəldiyindən əmin olmalıdırlar. Virtual məktəbdə qeydiyyatdan
keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı
üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi
mütləqdir.





























