Advertisement

SOCAR ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb (FOTO)

Bakı. Trend:

İyunun 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)
ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi
imzalanıb.

Bu barədə Trend
SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Baker Hughes” şirkətinin
prezidenti və baş icraçı direktoru Lorenzo Simonelli tərəfindən
imzalanan sənədə əsasən, Azərbaycan ərazisində mərkəzdənqaçma
elektrik dalma nasoslarının (MEDN) yığılması, təmiri və texniki
servis işlərinin aparılması həyata keçiriləcək.

Saziş çərçivəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilə
“Baker Hughes Services İnternational” MMC arasında əldə olunan
razılaşmaya əsasən, MEDN-lərin yığılması məqsədilə yeni mərkəz
yaradılacaq. Hazırlıq işlərinin bir hissəsi olaraq, ilkin mərhələdə
50 MEDN dəstinin Azərbaycana çatdırılması razılaşdırılıb.

Tətbiq ediləcək innovativ yanaşma prosesləri sadələşdirməklə
yanaşı, səmərəliliyi və məhsuldarlığı artıracaq. Yeni
texnologiyadan istifadə nəticəsində keçmiş nəsil dalma nasoslarının
yaratdığı çətinliklər, o cümlədən təmirlə bağlı hasilat
fasilələrinin çoxalması və məhsuldarlığın azalmasının qarşısı
alınacaq. İnnovativ yanaşma dalma nasoslarına müstəsna
etibarlılıqla işləməyə imkan verərək, onların istismar müddətini
dəfələrlə artıracaq.

Strateji əməkdaşlıqlar və tərəfdaşlarla aparılan təcrübə
mübadilələri, həmçinin innovativ yanaşmaların, yeni texnologiyanın
tətbiqi sayəsində SOCAR fəaliyyətini daha da təkmilləşdirməyi və
daha yeni nailiyyətlər əldə etməyi hədəfləyir.