Bakı. Trend:
Yaşadığımız tarix, mahiyyətini dərk etdiyimiz reallıqlar onu
deməyə əsas verir ki, Milli Qurtuluş Günü tariximizin şanlı məqamı,
müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki
məhz həmin gün Azərbaycanın müstəqilliyinin davamlılığını,
dövlətçiliyinin müqəddəratını həll edən tarixi andır. Onun müəllifi
isə Azərbaycan xalqının xilaskar lideri Ulu Öndər Heydər Əliyevdir.
Bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam bərpa
etməsi, üçrəngli bayrağımızın bütün ölkə ərazisində, o cümlədən
Qarabağ və Şərqi Zəngəzurda dalğalanmasının əsası 15 iyun 1993-cü
ildə qoyulub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir
Azərbaycanın möhtəşəm nailiyyətləri Heydər Əliyevin ideyalarının
təntənəsidir. Bu bir həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev 31
il öncə çox ağır məsuliyyəti üzərinə götürməsəydi, bu gün
Azərbaycan müstəqilliyini itirmiş, torpaqları hələ də işğal altında
olan, kimlərəsə vassallıq edən ölkə idi. Elə bu səbəbdən də 1993-cü
ilin 15 iyun günü Azərbaycan dövlətinin və xalqının həyatında yeni
dövrün başlanğıcı kimi qəbul edilir.
Bu fikirlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin mətbuata
açıqlamasında yer alıb.
“Azərbaycan qısa zamanda Ulu Öndər Heydər Əliyevin yorulmaz
fəaliyyəti nəticəsində gələcəyə inamla baxan güclü dövlətə
çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın
böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Bundan sonra Ulu
Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil,
demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.
Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu,
əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi,
sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı,
xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu
Öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və
mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun
formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir
olan nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Digər
tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə
1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə
edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu
müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası
sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək
dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr,
razılaşmalar əldə edildi. Ölkə daxilində yaranmış nisbi
sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə
artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında
“Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də
məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və
müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını
təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq
təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim
İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal
iştirakçısına və təşəbbüskarına çevrildi”, – AHİK sədri qeyd
edib.
O həmçinin vurğulayıb ki, həm Heydər Əliyevi, həm də İlham
Əliyevi Azərbaycan xalqının xilaskar liderləri adlandırmaq olar:
“Əgər Ulu Öndər Azərbaycanı ən ağır, ən dəhşətli günlərdə
müstəqilliyini itirmək təhlükəsindən qurtarıbsa, cənab İlham Əliyev
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib, 200 illik
uydurma erməni xülyasına son qoyub, xalqının ən ağrılı problemi
olan keçmiş Qarabağ münaqişəsini öz gücünə 44 günə həll edib.
2020-ci ilin sentyabrında başlayıb noyabr ayında Zəfərimizlə bitən
İkinci Qarabağ müharibəsi, 2023-cü ildə həyata keçirilən lokal
miqyaslı antiterror tədbirləri bir daha Azərbaycanın gücünü dünyaya
nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam
təmin edən böyük Zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham
Əliyev bu gün dünyada sözü imzası qədər keçərli olan qlobal lider
kimi tanınır. Prezidentin həyata keçirdiyi tam müstəqil siyasətli
Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq
miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr
ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə
Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana
gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır”.
“Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi 15 İyun
həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü
ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir
bağ, inkarolunmaz əlaqə var. 1993-cü ildə Ulu Öndərin siyasi
hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv olmaq təhlükəsindən
xilas olaraq, inkişafa, sabitliyə, təhlükəsizliyə, öz qurtuluşuna
qədəm qoyan Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada 28 il sonra
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
bu tarixi sənədə imza atmaları özlüyündə böyük bir rəmzi məna
daşıyır. Bu, Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin,
xalqlarımızın mənəvi birliyi ilə yanaşı, siyasi, iqtisadi sahədə də
həmrəyliyinin möhkəmləndirilməsi, həmçinin bütün türk dünyasına
böyük töhfədir. Şuşa Bəyannaməsi də, azad Şuşada dalğalanan
Azərbaycan və Türkiyə bayraqları da ölkələrimiz arasında sarsılmaz
birliyi bütün dünyaya nümayiş etdirir. Cənab İlham Əliyevin əsl
Sərkərdə məharəti ilə düşməndən təmizlənən Qarabağ və Şərqi
Zəngəzurda misli görünməyən quruculuq işləri aparılır və illərdən
sonra soydaşlarımızın bu torpaqlara böyük köçü başlayıb.
Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki
müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndərin siyasi varisi
cənab İlham Əliyevin əlindədir. Xalqımız əmindir ki, müstəqil
Azərbaycan dahi şəxsiyyət Heydər Əliyev ideyaları işığında
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth
edəcək. Azərbaycan daha da qüdrətləndikcə Ulu Öndərin ölməz ruhu
şad olacaq”, – Milli Məclisin deputatı bildirib.





























