
Bakı. Trend:
Saatlıda narkokuryerlik edən şəxsdən 8 kiloqram heroin və
marixuana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə
verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə narkokuryerlik edən paytaxt sakini Əliyev
Gülməmməd saxlanılıb. Ondan 8 kiloqram marixuana və heroin aşkar
edilib. G.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə
narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.
Bundan başqa Saatlı RPŞ-nin əməkdaşlarının son bir həftə ərzində
keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan daha 5 nəfər saxlanılıb.
Həmçinin, Araz çayının sahilindən 1 ədəd F-1 qumbarası, 44 ədəd
patron aşkar edilib. Rayon sakini olan 11 nəfər müvafiq sənədləri
olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil
verib.
Həyata keçirilən digər tədbir zamanı rayonun Yeni Novruzlu kəndi
ərazisində yerləşən evlərdən birindən pul və qızıl-zinət əşyaları
oğurlayan şəxsin Sabirabad sakini, hazırda cəzaçəkmə müəssisəsində
cəza çəkən Abbasov Emin olduğu da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

























