Advertisement

YARAT-da “Müşahidə olunmayan arzular” və Aydan Salahovanın “Sükutun səsləri” sərgiləri açılıb (FOTO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Mərkəzində iki sərginin – tanınmış
azərbaycanlı və rus rəssamı Aydan Salahovanın “Səssizliyin səsi”
adlı fərdi sərgisinin və rəssamların “Müşahidə olunmayan arzular”
adlı qrup sərgisinin açılışı olub.

Ekspozisiya YARAT-ın kolleksiyasında saxlanılan, həmçinin
YARAT-ın sifarişi ilə müxtəlif illərdə hazırlanan və əməkdaşlıq
layihələri çərçivəsində ərsəyə gələn – Zamir Süleymanov, Emin
Əzizbəyli, Şəlalə Salamzadə, Rəsul Quliyev, Vaciko Çaçxiani, Ritz
Mone və Timo Herbstin videoəsərlərini bir araya gətirib.

“Müşahidə olunmayan arzular” qrup sərgisi cəmiyyətin müxtəlif
reallıqlarına və onlardan qaynaqlanan təzadlı arzuların üzərinə
fokuslanır. Sərgi sürətli dəyişikliklər və gözlənilməz çağırışlarla
zəngin olan müasir dünyada sosial dəyərlərin və iqtisadi rifahın
hansı şərtlərdə böhranlarla əvəz olunduğunu və bu dəyişikliklərin
cəmiyyətin fərqli təbəqələrinə necə təsir etdiyini araşdırır. Bu
prosesin nəticəsi olaraq cəmiyyətin daha incə və mürəkkəb mənzərəsi
ortaya çıxır ki, bu da onun həssas və müxtəlif yönlərini əks
etdirib.

Mifoloji istinadları müasir reallıqlara adaptasiya edən
rəssamlar videoəsərlərindəki qəhrəmanlarının “müşahidə olunmayan”
arzularını “səsləndirməyə” çalışırlar. Ekspozisiyanı başlayan
Şəlalə Salamzadənin 2021-ci ildə “Günəş şəhəri” adlı qrup sərgisi
üçün Azərbaycan mifologiyasına söykənərək hazırladığı “Distopiya”
videosunda arzuolunmayan məkandan (distopiya) qovulan insanların
mütləq arzuolunan məkana (utopiya) qayıtmalı olduğunu bildirib.

Rəsul Quliyevin eyni sərgidə yer alan “Sonsuz yarış” adlı
3-kanallı videosu “Pandoranın qutusu” əfsanəsinə əsaslanaraq
çəkilib və ümidin insanları heç vaxt bitməyən yarışa məcbur
etməsindən bəhs edir. 2019-cu ildə YARAT-ın rezidenti olmuş
italiyalı rəssam Ritz Mone 2-kanallı videosunda pullar vasitəsilə
avrozonanın bütün xalqlarını birləşdirə biləcək kollektiv arzu
haqqındakı düşüncələri paylaşaraq sovet illərində ittifaq boyunca
tikilmiş eynitipli memarlıq və heykəltəraşlıq abidələri ilə paralel
aparır. YARAT-ın digər rezidenti olmuş almaniyalı rəssam Timo
Herbst “Baku/Bakı – Ana dili” adlı videosunda cəmiyyətin
diferensiallaşdırılmış və həssas obrazını yaradıb.

Gürcü rəssamı Vaciko Çaçxianinin “Titrəyən ürək” filmi məşhur
gürcü nağılına müraciət edir – ailə, milli mənsubiyyət və kimlik
anlayışlarına yoxlanılmadan daxil olan nağılları dərindən
araşdırır. Ekspozisiyanı tamamlayan YARAT-ın kolleksiyasından Zamir
Süleymanovla Emin Əzizbəylinin həmmüəllif olduqları “Astar” adlı
videosu, gənc oğlan simasında Azərbaycan gəncliyinin xəyali
həyatının “iç üzünü” açaraq həyatın müəyyən anında – arzu və
ümidlərin tükəndiyi zaman gələn ümidsizlik mövzusunu
səsləndirib.

Bundan başqa, YARAT Müasir İncəsənət Məkanı multidissiplinar
rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini
təqdim edib.

“Sükutun səsləri” Aydan Salahovanın Bakıda ilk irimiqyaslı muzey
sərgisidir. YARAT-ın sifarişi ilə hazırlanan sərgi, qlobal
müstəvidə aktual olan məişət zorakılığı problemi və onun
qurbanlarının adından səslənir. Öz layihəsində rəssam, məişət
zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların
qorxuları və ümidsizliyini vurğulayır. Ekspozisiyada ağlay daşından
yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və
bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.

Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir – hər küp son
12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin
xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca
“danışır” və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu
problemləri işıqlandırır. Bu səslər, instalyasiyanın estetik
əzəməti və travmatik hekayələrin məşəqqəti arasında emosional təzad
yaradır, ailə münasibətlərində zorakılıq hallarının cəmiyyətə gizli
qalmamasının və ona qarşı çalışmaların zəruriliyini vurğulayıb.

“Sükutun səsləri” instalyasiyası ümid və xatirə simvoluna
çevrilərək zorakılığın bütün formalarının qınamasını və onunla
mübarizənin vacibliyi haqqında düşünməyə təşviq edir. Sərgi hər kəs
üçün məlumatlandırıcı və təhlükəsiz cəmiyyətin qurulmasını təbliğ
edən – dialoqa, anlaşmaya və həmrəyliyə çağırışdır. O, bizi məişət
zorakılığı ilə bağlı sükutu pozmağa, həmçinin hər kəsin qorxu və
zorakılıqdan azad yaşaya biləcəyi bir cəmiyyəti qurmağa dəvət
edib.

Aydan Salahova (d. 1964, Moskva) rəssam,
heykəltəraş və pedaqoq. 1987-ci ildə V.İ. Surikov adına Moskva
Dövlət Akademik İncəsənət İnstitutu bitirib. 1988-ci ildən SSRİ
Rəssamlar İttifaqının üzvü olmuşdur. Aydan Salahova Moskvada açılan
ilk müasir incəsənət qalereyası sayılan “Pervaya Qalereya”-nın həm
təşkilatçılarından, həm də həmmüəlliflərindən biri idi (1989-1992).
Daha sonra, 1992-2012-ci illərdə fəaliyyət göstərən “Aydan”
qalereyasının təsisçisi olmuşdur.

Rəssam 2002-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş
medalına layiq görülüb. 2002-2007-ci illərdə Rusiya Rəssamlıq
Akademiyasının müxbir üzvü, 2007-ci ildən isə həqiqi üzvü
seçilmişdir. Aydan Salahova yaradıcılığında Şərqlə Qərbin
qarşılıqlı əlaqələri, daxili qadağalar və azadlıq, kişi və qadın
başlanğıcları, eləcə də dünyada qadının rolu və onun incəsənətdəki
obrazı mövzularını araşdırır. Rəssamın “L’escala daurada”
(Imaginart, İspaniya, 2023); “Gizli ornament” (“Triumf” qalereyası,
Rusiya, 2022); “Yeni müqəddəslər” (Rus Dövlət Muzeyi nəzdində
Mərmər Sarayı, Rusiya, 2021); “The Dust Became the Breath” (Gazelli
Art House, Böyük Britaniya, 2021); “Vices et vertus” (Müqəddəs Lu
kilsəsi, Belçika, 2017); “Sabitlik” (Kuadro Müasir İncəsənət
Qalereyası, BƏƏ, 2017) və s. fərdi sərgiləri keçirilmişdir. O,
həmçinin çoxsaylı qrup sərgilərin iştirakçısıdır, o cümlədən: “La
voz velada” (La Neo Mudejar Muzeyi, İspaniya, 2024); “Sıxılmış
yaddaş” (Gazelli Art House, Azərbaycan, 2023); “Kövrəklik” (MİA Art
Collection, BƏƏ, 2023), “Vazari adlandırılıb. Dirçəliş” (Arsenal,
A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Volqa-Vyatka
filialı, Rusiya, 2022); “Şəxsi məkan” (“RuArts” qalereyası, Rusiya,
2022); 17-ci İstanbul Biennalesi (2022); “My One and Only” (Mario
Mauroner Contemporary Art, Avstriya, 2022) və s.

Sərginin kuratoru Fərəh Ələkbərlidir.