Advertisement

Azərbaycanlı şair-jurnalist, publisist Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib

Bakı. Trend:

Azərbaycanlı şair-jurnalist, publisist Sona İsmayılova Gürcüstan
Yazıçılar Birliyinin (GYB) üzvü seçilib.

Trend xəbər verir
ki, bununla əlaqədar iyunun 14-də Gürcüstan Yazıçılar Birliyində
tədbir keçirilib.

GYB-nin həmsədri Bağatur Arabuli çıxışında S.İsmayılovanın
yaradıcılığından söz açıb, onun əsərlərində vətənə, xalqa, torpağa,
dostluğa bağlılıq, hörmət hisslərinin əks olduğunu qeyd edib.
Arabuli bildirib ki, S.İsmayılovanın yaradıcılığında Gürcüstan
dövlətinə və xalqına dost və qardaşlıq çalarları gürcü ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirilir. Gürcüstan Yazıçılar Birliyi
S.İsmayılovanın əsərlərini təhlil edib, belə bir yaradıcı insanın
öz sıralarında görmək istədiklərini bildiriblər.

Gürcüstan Yazıçılar Birliyi S.İsmayılovanın quruma üzv qəbul
olunması barədə qərar qəbul edib.

“İnanıram ki, S.İsmayılovanın Gürcüstan Yazıçılar Birliyinə üzv
qəbul edilməsi Azərbaycan-Gürcüstan ədəbi, mədəni əlaqələrinin
inkişafında və daha da möhkəmlənməsində mühüm rol oynayacaq”, –
deyə B.Arabuli vurğulayıb.

Sonra B.Arabuli Gürcüstan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini
S.İsmayılovaya təqdim edib.

S.İsmayılova göstərilən etimada, diqqət və qayğıya görə
təşəkkürünü bildirib.

Sonra GYB-nin həmsədri Maqvala Qonaşvili, tədbirdə iştirak etmək
üçün Tbilisiyə gələn Özbəkistan parlamentinin deputatı Gülbahar
Saidqəniyeva, Gürcüstanın Azərbaycanlı Aktiv Qadınlar
Assosiasiyasının sədri Gültəkin Mehtiyeva, əslən Cənubi
Azərbaycandan olan yazıçı Nehir Akpolat və başqaları
S.İsmayılovanın yaradıcılığından söz açıb, onu GYB-nə üzv olması
münasibətilə təbrik ediblər.

Tədbir çərçivəsində S.İsmayılovanın “Şuşa mənim şah Anam”
şeirlər kitabının və Nehir Akpolatın “Sirr” fantastik povestinin
təqdimatı keçirilib.

Gürcüstan Yazıçılar Birliyinin və Gürcüstan Azərbaycanlı Aktiv
Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən
tədbirdə Azərbaycandan, Türkiyə və Özbəkistandan gələn qonaqlar,
gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.