
Bakı. Trend:
15 İyun əzəmətli tarixdir. Məhz bu tarixdə Ulu Öndər Heydər
Əliyev hakimiyyətə qayıtdı və Azərbaycan xalqını üzləşdiyi tarixi
bəladan xilas etdi. Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz bu
tarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanması,
möhkəmlənməsi və inkişafı naminə Ulu Öndərin iradəsini və öz
xalqına məhəbbətini ifadə edir.
Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, 1991-ci ilin oktyabr ayında Azərbaycan
xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına
yenidən bərpa etdi.
“Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir
tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç
də istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilk
illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla
üz-üzə dayandı. O vaxtki hakimiyyətin siyasi səriştəsizliyi,
idarəetmə bacarığının olmaması ölkəmizdə dərin siyasi və iqtisadi
böhranın yaranmasına səbəb olmuşdu və ölkəmizin parçalanmasına, bir
dövlət kimi yox olmasına zəmin yaranmışdı.
Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü,
torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da
çətinləşdirirdi. Hakimiyyətin başı isə daxili siyasi çəkişmələrə,
vəzifə uğrunda mübarizəyə, dövlət əmlakının mənimsənilməsinə
qarışmışdı və bu acınacaqlı vəziyyət ölkəmizi hər gün biraz daha
uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar bəzi siyasi
“lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda mübarizəyə cəlb
olunmşdu.
Siyasi böhranla yanaşı ölkədə hökm sürən iqtisadi tənəzzül,
ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətə
salmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini, inamını
qırmışdı”.
A.Həsənova bildirib ki, məhz belə bir vaxtda xalq çətin
vəziyyətdən çıxış yolunu Vətənini, xalqını sevən Ulu öndər Heydər
Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü:
“Xalqımız bu tələblə küçələrə çıxmağa başladı. Xalqımız çox
yaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər
Əliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə
malik bir rəhbər çıxara bilər. Ulu öndər xalqın səsinə səs verdi və
bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə
1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər
Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində
dönüş nöqtəsi, yeni bir mərhələ oldu.
Bütün həyatını xalqına və dövlətinə həsr etmiş dahi şəxsiyyət
Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını
özünə qaytarmaqla yanaşı müstəilliyimizin möhkəmlənməsinin və
ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyev
tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa
müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz
silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət
çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli
atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”.
Müstəqil Azərbaycanın siyasi inkişaf dövrü haqqında danışan
A.Həsənova vurğulayıb ki, ictimai-siyasi sabitliyə nail olduqdan
sonra Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı
inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən
atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni
Konstitusiyasının qəbulu oldu:
“1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə
yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni
Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı.
Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion
quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və
ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə
həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci
ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) 91,9 %
səslə qəbul edildi.
Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.
Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın
dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti
qələbəsi idi”.
Xarici siyasət prioritetlərinin müəyyən edilməsi və beynəlxalq
münasibətlərin qurulmasına toxunan deputat bildirib ki,
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin
qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə
əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata
keçirilməsi idi:
“Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli,
praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti
yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən
Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji
maraqları əsasında yenidən qurdu. Ulu öndər ilk növbədə keçmiş
hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və
bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin
beynəlxalq siyasi vəziyyəti və mənfi imici aradan qaldırmaq
istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region
dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin
maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı”, –
deyə deputat bildirib.
O qeyd edib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli
inkişafı bugünkü reallıqların bünövrəsidir.
“Bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və
qalib gəlir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək
idi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, xalqımızın 30
illik doğma yurd–yuva həsrətinə son qoydu. Vətən müharibəsində
qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi
kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Vaxtilə sabaha ümidi olmayan, övladlarının, dövlətin
gələcəyindən əmin olmayan insanlarımız bu gün Azərbaycan kimi
güclü, təhlükəsiz bir ölkədə yaşadıqları üçün ulu öndər Heydər
Əliyevin ruhunu dərin hörmətlə anır və onun əziz xartirəsini daim
uca tutur”, – deyə A.Həsənova əlavə edib.




























