
Bakı. Trend:
Çox şadam ki, səhiyyə mövzusu COP29-un gündəliyində mühüm yer
tutacaq.
Trend xəbər
verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş
direktoru Tedros Adhanom Hebreyesus özünü “X” səhifəsində
yazıb.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) məsləhətçi qrupunun
müşavirəsinə qoşuldum və onlardan COP29-un iqlim gündəliyi
çərçivəsində səhiyyə maraqlarını müdafiə etməkdə mənə dəstək
olmalarını xahiş etdim, bütün ölkələri iqlim dəyişmələrinə qarşı
daha dayanıqlı səhiyyə sistemlərinin qurulması üçün ÜST ittifaqı
ilə əməkdaşlıq etməyə çağırdım”, – paylaşımda deyilir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























