Advertisement

Şuşa Bəyannaməsi müdrik kəlamların həyatiliyinin təsdiqidir – Vüqar Rəhimzadə

Bakı. Trend:

Şanlı Zəfərimizin reallıqları fonunda müstəqillik tariximizə
möhtəşəm qürurverici səhifələr yazıldı və bu uğur epopeyası davam
edir. 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya dostluğun,
qardaşlığın, müttəfiqliyin nümunəsini nümayiş etdirən Azərbaycan və
Türkiyə 2021-ci il 15 iyun tarixində – xalqımızın Milli Qurtuluş
Günündə növbəti dəfə diqqəti Qarabağın tacı, türk dünyasının, eyni
zamanda, İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəltdi. İki
qardaş ölkə arasında Müttəfiqlik Bəyannaməsi imzalandı.

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları bu sənədin
məhz Milli Qurtuluş Günündə, həmçinin Şuşada imzalanmasının böyük
rəmzi mənası vardır. Bu mühüm addım bir tərəfdən müstəqilliyimizin
daimiliyinin, sarsılmazlığının, digər tərəfdən isə tarixi
Zəfərimizin yaratdığı reallıqların təqdimatının və beynəlxalq
səviyyədə qəbulunun nümayişi oldu. Bu mühüm məqamı da xüsusi qeyd
etməliyik ki, qardaş Türkiyə Azərbaycanın müstəqilliyini ilk
tanıyan ölkədir.

Onu da qeyd etməliyəm ki, Şuşa Bəyannaməsi Azərbaycanın
müstəqilliyi tarixində iki qardaş ölkə arasında imzalanan, hərbi və
siyasi təhlükəsizlik məsələlərini özündə ehtiva edən ilk rəsmi
sənəddir. Şuşa Bəyannaməsi regionda yeni geosiyasi və geoiqtisadi
münasibətlərin başlanğıcını qoydu. Dövlətimizin başçısının Şuşa
Bəyannaməsinin imzalanması mərasimində söylədiyi “Bu gün
həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş
ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ
torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə
edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada,
Qarabağda salamlamaq istəyirəm” fikirləri bu mühüm addımın hər iki
tərəfdə yaratdığı sevincin, qürurun aydın ifadəsidir. Dövlətimizin
başçısı bu məqamı da xüsusi qeyd etdi ki, qardaş ölkənin Prezidenti
Rəcəb Tayyib Ərdoğan ilə ilk dəfə olaraq Qarabağ torpağında –
Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. İmzalanmış
Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən
yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında
Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi
deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu
Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin
təminatçısıdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir dövlətin digər ölkələrlə
əlaqələrinin inkişafında iqtisadi amil xüsusi rol oynayır. Bu
baxımdan deyə bilərik ki, Azərbaycan və Turkiyənin siyasi iradəsi,
qətiyyəti sayəsində birgə həyata keçirilən enerji, nəqliyyat
layihələri regionda əməkdaşlığın inkişafında, dövlətlər, xalqlar
arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan illər keçdikcə beynəlxalq
miqyas alan bu əməkdaşlığın bariz nümunəsi olan TANAP-ı növbəti
layihələrin müjdəçisi kimi dəyərləndirdi. Hazırda əsas hədəflərdən
biri Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TAP-ın və
TANAP-ın genişləndirilməsi, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin
sayını artırmaqdır. Şuşa Bəyannaməsində də əksini tapan vacib
məsələlərdən biri iqtisadi sahədə əməkdaşlıqdır. Belə ki,
Bəyannamədə xüsusi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti
iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol
oynayacaq. Bu dəhliz daha çox iqtisadi əhəmiyyətə malik olacaq.
Sənəddə qeyd edilir ki, tərəflər Azərbaycan və Türkiyəni
birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə
Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında
dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı
kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında
nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə
verəcəyini qeyd edirlər. Bəyannamə, eyni zamanda, hər iki ölkənin
iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal
daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi
mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda
nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq
nəqliyyat dəhlizlərinin inkişafına böyük zəmin yaradır. Bu da
İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi
reallıqların nəticəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi
kimi, bu gün Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu
ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu
dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik Bəyannaməsində bu
məsələnin əks olunması böyük məna daşıyır.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan və
Türkiyəni birləşdirən bir çox dəyərlər var. İlk növbədə, tarix,
mədəniyyət, ortaq etnik köklərə malik olmağımız, dilimiz, dinimiz,
milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu
birliyi təmin edib. Reallıq budur ki, Azərbaycan və Türkiyə hazırda
dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi
göstərir. İki ölkənin münasibətlərinin təqdimatında böyuk öndərlər
Heydər Əliyevin və Mustafa Kamal Atatürkün tarixi qardaşlığa
əsaslanan çağırışları əhəmiyyətli rol oynayır. Mustafa Kamal
Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim
kədərimizdir” tezisinin davamı olaraq Ulu Öndər Heydər Əliyev “Biz
bir millət, iki dövlətik” müdrik kəlamı ilə qardaşlığımızın
əbədiliyinə möhür vurdu. Bu müdrik fikirlərə söykənərək dövlət
başçısı İlham Əliyev bildirir: “Heydər Əliyev demişdir ki, Türkiyə
və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu
isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki
Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki
dövlət”, əlavə etmək istəyirəm, bir yumruq!”.

Vüqar Rəhimzadə onu da bildirib ki, Şuşa Bəyannaməsi beynəlxalq
hüquqa söykənən və 103 il bundan öncə imzalanan tarixi Qars
müqaviləsinə əsaslanır. Sənəddə tərəflərdən hər hansı birinin
müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya
təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən
təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə
məsləhətləşmələr aparacağı və bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə
müvafiq təşəbbüs həyata keçirəcəyi, bir-birinə BMT Nizamnaməsinə
uyğun zəruri yardım göstərəcəkləri öz əksini tapıb. Bu müddəa
Ermənistana və ona havadarlıq edən dövlətlərə bir mesaj oldu.
Türkiyə bununla açıq şəkildə bəyan etdi ki, Azərbaycanın yanındadır
və bu müttəfiqlik yalnız iqtisadi-siyasi deyil, həm də hərbi amillə
təsdiqlənir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir təhdid
olacağı təqdirdə Türkiyə hərbi dəstəklə bizim yanımızda olacaq.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Şuşa
Bəyannaməsinin imzalanmasından ötən üç ildə iki müttəfiq ölkənin
münasibətlərinin yüksələn xətlə inkişafı diqqətdən kənarda qalmır.
Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu birliyi daha da
möhkəmləndirir. Hələ bundan sonra imzalanacaq daha çox sənədlər
olacaq. Şuşa Bəyannaməsi əbədi və sarsılmaz olan Azərbaycan-Türkiyə
birliyini daha da gücləndirəcək. Dövlət başçısı İlham Əliyevin bu
günlərdə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti
ilə Türkiyəyə işgüzar səfəri çərçivəsində keçirilən prezidentlərin
təkbətək görüşündə də Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və
müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi
məmnunluqla vurğulandı. Ölkələrimiz arasında enerji, nəqliyyat,
iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə,
hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə
olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının
genişləndirilməsi xüsusilə qeyd edildi. Orta Dəhlizin inkişafı ilə
əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi
vurğulandı. Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələr arasında
əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək
qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu. Bu
günlərdə dövlət başçısı İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini
qəbul edərkən türk dünyasının birliyinin Azərbaycanın xarici
siyasətinin prioritet məsələsi olduğunu önə çəkərək bu çağırışı
etdi ki, Azərbaycan-Türkiyə müttəfiqliyi ən yüksək əməkdaşlıq
formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq.
Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu
bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır
və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.