Şuşa. Trend:
Tarixi və ortaq ənənələrə, dəyərlərə malik Türk Dövlətləri
Təşkilatının (TDT) beynəlxalq nüfuzu getdikcə artır. TDT-nin qlobal
problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür.
Trend xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş
naziri, Beynəlxalq Birlik Partiyasının Sədri Ünal Üstel “Türk
Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər
fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də
Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən
“Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni
dialoq platforması kimi” panel sessiyada deyib.
“Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi qismində üzv
seçilməsi bizi qürurlandırır”, – deyən Ünal Üstel dəstək verən
bütün qardaş ölkələrə minnətdarlıq edib.
Şimali Kiprin müxtəlif tribunalarda iştirakından, ölkəsinin
inkişaf yolundan və tarixindən danışan qonaq müstəqillik yolunda
bir sıra məhrumiyyətlərə, qadağalara məruz qaldıqlarını bildirib.
“Xalqımızın haqları, Şimali Kipr həqiqətləri uğrunda sonadək
mübarizə aparacağıq”, – deyə Baş nazir vurğulayıb.
Azərbaycan və Şimali Kipr arasında əlaqələrdən bəhs edən qonaq
ölkələrimizin əməkdaşlığı istiqamətində mühüm səylər
göstərdiklərini, əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb.
“İnanıram ki, çox yaxın gələcəkdə əlaqələrimiz daha da
dərinləşəcək və möhkəmlənəcək. Prezident İlham Əliyevin dediyi
kimi, bunun da zamanı gəlmişdir. İnanırıq ki, Şimali Kiprin Türk
Cümhuriyyəti tezliklə TDT-yə üzv qəbul ediləcək”, – deyən Ünal
Üstel ölkəsinə dəstəyə görə Türkiyəyə və Azərbaycana təşəkkür
edib.





























