
Bakı. Trend:
İyunun 13-də Fransanın baş naziri Qabriel Attal Erməni Incil
Kilsələri İttifaqının prezidenti, pastor Rene Leonyanı Fəxri Legion
ordeni ilə təltif edib. Təbii ki, erməni icması bu sevincdən doya
bilmir və bu hadisəni geniş şəkildə işıqlandırır. Lakin Rene
Leonyan bu hörmətə layiq olmaq üçün məhz nə edib?
Trend xəbər
verir ki, Fransanın La Gazette du Caucase qəzeti öz məqaləsində pastorun mühüm “nailiyyəti”nin erməi
separatçılığına çoxdankı dəstəyi ilə bağlı olduğunu yazıb.
Müəlliflər haqlı olaraq Leonyanın fəaliyyəti ilə bu mükafatın
verilməsi zamanı əsas götürülən prinsiplər – “görkəmli
nailiyyətlər” və “millət qarşısında şəxsi xidmətlər” – arasındakı
əlaqəni şübhə altına qoyurlar.
Məqalədə Rene Leonyanın ötən ilin oktyabr ayında Azərbaycanı
Qarabağa “hücum etməkdə” və erməniləri Azərbaycan ərazisindən
“qovmaqda” ittiham etdiyinə dair sözlərindən sitat gətirilib.
“Onun sözləri tarixi reallıqlara, xüsusən də Fransanın
imzaladığı BMT-nin 4 qətnaməsində qeyd olunmuş Azərbaycanın ərazi
bütövlüyü hüququna və öz doğma torpaqlarından didərgin düşmüş
azərbaycanlıların geri qayıtmaq hüququna ziddir.
Bu Fəxri Legion “fransızların vətəndaş ruhunun və ümumi maraqlar
hissinin illüstrasiyasıdır”? Bu “Fransız vətəndaş ruhunun nümayişi”
ilə Xocalı soyqırımına görə məsuliyyət daşıyan erməni terror
hərəkatlarına uğursuz maskalanmış dəstək arasında hansı əlaqə var?
Ola bilsin ki, bu, Fransanın erməni icmasını həlledici seçkilər
ərəfəsində prezident Makronun tərəfinə çəkməyin yolu idi”, –
məqalədə deyilir.
“La Gazette du Caucase” müəllifləri həmçinin vurğulayırlar ki,
bu mükafatlandırma ordenin böyük kansleri general Puqun hər hansı
hüquqi prosedur olmadan işdən azad olunması ilə nəticələnən
qalmaqallar seriyasından sonra baş verib. Belə ki, general Puq öz
xidmətləri ilə borclu olduğu qohumları və zəngin insanları təltif
etməkdə ittiham olunub.
“Həmçinin, ordenin böyük magistri olan Emmanuel Makron Fəxri
Legion ordeni ilə təltif edərkən daha ciddi olacağına söz verib ki,
bu da pozulmuş daha bir sözdür”, – məqalədə deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























