Advertisement

Qazaxıstan və Azərbaycan Orta Dəhlizin uğur qazanmasında həlledici rol oynayır – Roman Vasilenko (ÖZƏL MÜSAHİBƏ)

Astana. Trend:

Qazaxıstan və Azərbaycan Orta Dəhlizin uğur qazanmasında
həlledici rol oynayır.

Bunu Trend
özəl müsahibəsində Qazaxıstanın xarici işlər nazirinin müavini
Roman Vasilenko deyib.

“Qazaxıstan və Azərbaycan, həmçinin, Orta Dəhliz kimi bilinən
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinin uğuru üçün
həlledici ölkələrdir. Təsadüfi deyil ki, Qazaxıstan, Azərbaycan,
Türkiyə və Gürcüstan kimi bu dəhlizin mərkəzində yerləşən əsas
ölkələr son illər ərzində onun inkişafı üçün çox sıx çalışırlar.
Artıq Bakıda və Aktauda bu dörd ölkənin xarici işlər və nəqliyyat
nazirləri səviyyəsində bir neçə görüş keçirilib. Görüşlərin
yekunlarına əsasən, bu marşrutla bağlı məhdudiyyətlərin aradan
qaldırılmasını hədəfləyən müvafiq yol xəritələri imzalanıb”, – deyə
o qeyd edib.

Nazir müavininin sözlərinə görə, marşrutla yük daşımalarının
həcmi 2022-ci ildə iki dəfə, 2023-cü ildə 2,76 milyon tona qədər
artaraq, son iki il ərzində 3 dəfədən çox artıb.

“Əlbəttə ki, planlar bu həcmin növbəti illər ərzində yenə də həm
region daxilindəki, həm də regiondan kənardakı müxtəlif dövlətlərin
əlaqələndirilmiş səyləri sayəsində dəfələrlə artmasından
ibarətdir.

Həmçinin, qeyd etmək istəyirəm ki, Qazaxıstan, Azərbaycan və
Gürcüstan “MiddleCorridorMultimodalLimited” adlı birgə şirkət
yaradıblar. Şirkət Astanada, Beynəlxalq Maliyyə Mərkəzində
yaradılıb. Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yollarının
birgə şirkəti, həmçinin, tarif siyasətini unifikasiya etmək, dəmir
yolu nəqliyyat vasitələrinin, lokomotivlərin təmin olunması və
bütünlükdə üç ölkədə bu marşrutda hərtərəfli xidmətlər göstərmək
məqsədi daşıyır”, – deyə Vasilenko bildirib.

O qeyd edib ki, regiondan kənarda xarici tərəfdaşlarla böyük
işlər görülür.

“Söhbət mahiyyətcə bu marşrut üzrə əsas yükgöndərən olan Çindən,
eləcə də, bu yükləri qəbul edən əsas tərəf olan Avropa İttifaqından
(Aİ), həmçinin, “Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə
Proqram” (PartnershipforGlobalInfrastructureandInvestment – PGII)
adlı qlobal təşəbbüsü həyata keçirən Böyük Yeddilikdən gedir.

Fikrimizcə, Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol”
layihəsi, yaxud Aİ tərəfindən irəli sürülən GlobalGateway proqramı,
yaxud PGII kimi konsepsiyalar region ölkələrinin nöqteyi-nəzərindən
tamamlayıcı təşəbbüslərdir və onların reallaşdırılması həm Mərkəzi
Asiya, həm də Cənubi Qafqazın bütün ölkələri üçün, mahiyyətcə bütün
xarici aktorlar üçün əlverişli olacaq, çünki biz onlarda böyük
rəqabət görmürük, tamamlanma görürük”, – deyə o əlavə edib.

Yanvarın sonunda Brüsseldə keçirilən və Aİ ilə Mərkəzi Asiya
arasındakı nəqliyyat dəhlizlərinin inkişafına həsr olunmuş “Global
Gateway-2024” forumundan bəhs edən Vasilenko forumun ötən ilin
yayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən
təqdim olunan məruzənin davamı olduğunu və Avropa Komissiyasının
sifarişi ilə həyata keçirildiyini qeyd edib.

“Bu məruzənin tədqiqat predmetini Mərkəzi Asiyada nəqliyyat
kommunikasiyalarının daha rəqabətqabiliyyətli və çox da
rəqabətqabiliyyətli olmayan, perspektivli istiqamətlərinin
öyrənilməsi təşkil edirdi. Məruzədə qeyd olunub ki, Cənubi
Qazaxıstan ərazisindən keçən “Mərkəzi Transxəzər Nəqliyyat
Şəbəkəsi” Avropa və Çini əvvəlcə Cənubi Qafqaz, daha sonra Mərkəzi
Asiya vasitəsilə birləşdirmək üçün daha dayanıqlı və perspektiv
yoldur.

AYİB bu xətt boyu Xorqos nəqliyyat keçidində Qazaxıstana daxil
olan, daha sonra cənub-qərbdə Almatıya uzanan, daha sonra Taraz,
Şımkent, Kızılordu, Beyneu və sonra Aktauya uzanan ikizonalı
yanaşma təklif edib. AYİB-in məruzəsinə əsasən, 500 kilometrlik
zolaqda bütün beş Mərkəzi Asiya dövlətini əhatə edən nəqliyyat
layihələrini inkişaf etdirmək təklif olunub.

Bankın ekspertlərinin hesablamalarına görə, 40 layihənin
reallaşdırılması üçün 18,13 milyard avro tələb olunur, bunlardan 33
layihə möhkəm infrastruktura, 7 tədbir isə yumşaq infrastruktur,
qarşılıqlı rabitə, yük tədarüklərinin rəqəmsallaşdırılması, Anchor
və s. həsr olunub. Uğurla başa çatan bu forumu hazırlamaq məqsədilə
məruzənin praktik reallaşdırılması üzərində Avropa strukturları
Mərkəzi Asiya ilə birgə çalışıblar və Avropa strukturları kreditlər
və ya yüngül kreditlər, yaxud investisiyalar qismində 10 milyard
avronun lazım olduğunu və bu məbləğin bu layihələri reallaşdıran
region ölkələrinə və ya şirkətlərə xüsusən AYİB və ya Avropa
İnvestisiya Bankı (AİB) vasitəsilə təqdim olunacaq”, – deyə
Vasilenko bildirib.

Konkret razılaşmalara toxunan nazir müavini forum çərçivəsində
AYİB və AİB ilə maliyyələşdirməni və ya kredit xəttinin
ayrılmasını, o cümlədən, Qazaxıstanda təqribən 1,5 milyard avro
dəyərində layihələrin maliyyələşdirilməsini nəzərdə tutan bir sıra
memorandumun imzalandığını bildirib.

“Beləliklə, Avropa tərəfi Mərkəzi Asiyada layihələrin
reallaşdırılmasına bu cür yanaşır. Aİ-dən olan tərəfdaşlarla
əlaqələndirici görüşlərin keçirilməsinə gəlincə, biz həm
avropalılar, həm də digər ölkələrdən olan bütün tərəfdaşlrımızla
gələcək koordinasiyada maraqlıyıq, çünki vəzifələrin miqyası çox
böyükdür və əlbəttə ki, əlaqələndirmə zəruridir”, – deyə Roman
Vasilenko sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun