Advertisement

Şuşa Bəyannaməsi hər iki ölkə üçün mühüm tarixi sənəddir – Kamaləddin Qafarov

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki
dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim
sevincimiz, kədəri bizim kədərimizdir” aforizmləri, əslində, iki
ölkə arasında strateji müttəfiqlik əlaqələrinin qısa konseptual
formada ifadə edilmiş ideoloji əsası olub. 2021-ci ilin iyunun
15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşa şəhərində
iki qardaş ölkənin imkanlarının birləşdirilməsini və maraqlarının
birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənədin – “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə bu
münasibətlər artıq rəsmi xarakter almış oldu.

Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 3-cü ildönümü ilə
əlaqədar Trend-ə verdiyi açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Şuşa Bəyannaməsinin ən mühüm özəlliklərindən
biri də bu tarixi sənədin Azərbaycan ilə Türkiyənin qardaşlığını
bütün dünyaya bildirən bir mesaj olmasıdır. “Bu Bəyannamə mahiyyət
etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz
gələcəyinə hesablanmış bir sənəddir. Bu gün ölkələrimiz arasındakı
müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə
əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat,
mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri
əhatə edir və bütün sahələrdə keyfiyyətcə daha yüksək işbirliyinin
təminatı kimi çıxış edir.”

K.Qafarov Şuşa Bəyannaməsinin Azərbaycanın işğaldan azad olunmuş
ərazilərinə yeni sərmayə qoyuluşunun stimullaşdırılması məsələsində
mühüm rol oynadığını vurğulayıb: “Artıq dörd ildir ki, Azərbaycan
işğaldan azad edilmiş torpaqlarında möhtəşəm bərpa və yenidənqurma
işləri həyata keçirir. Bölgədə gedən proseslər bunu deməyə əsas
verir ki, Şuşa Bəyannaməsinin icrası əraziyə yeni sərmayə qoyuluşu
prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı isə
yeni iqtisadi münasibətlərin formalaşmasını şərtləndirir. İşğaldan
azad olunmuş ərazilərimizin və ümumilikdə regionun onsuz da yüksək
olan investisiya potensialı getdikcə daha da artır. İşğaldan azad
olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də
Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu
əməkdaşlıq getdikcə daha da dərinləşir. Qarşılıqlı investisiya
qoyuluşları ölkələrimizin iqtisadiyyatının daha sürətli inkişaf
etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin
daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı
dərinləşdirir.”

K.Qafarov Şuşa Bəyannaməsinin həmçinin regional sülhü təmin edən
mühüm sənəd olduğunu diqqət mərkəzinə çəkib: “ Şuşa Bəyannaməsi
bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas
qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Müdafiə sahəsində
əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks
olunması tarixi nailiyyətdir. Müdafiə sənayesi sahəsində əlaqələrin
inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Şuşa Bəyannaməsi
imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın
tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz
yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən
sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış
Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini
göstərir. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq,
fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri,
mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün
sahələr əhatə olunur…” Şuşa Bəyannaməsi həm də Ermənistandakı
revanşist qüvvələrə mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə
açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət
sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə
ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırır” .