Advertisement

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunun qoşun növləri, birlik və birləşmələrində
Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə əvvəlcə
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri
general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə
təbrikləri şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar
üçün bayram süfrələri təşkil edilib.

Müdafiə nazirinin tapşırığına əsasən Qurban bayramı münasibəti
ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində
şəhidlərimizin məzarları ziyarət olunub, onların ailə üzvlərinə və
hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş
çəkilib, onlara Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri
çatdırılıb və bayram sovqatları təqdim olunub.