Advertisement

Paşinyan nəyə və niyə güvənir?

Ermənistan Qərbə meylli siyasət yürütdüyünü və
diplomatiyasının da ABŞ, Fransa və Avropa İttifaqına yönəlmiş
marşrut üzrə inkişaf etdirməyə çalışdığını nümayiş etdirir.
İrəvanın belə taktikası hansı nəticələr verə
bilər?

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla şərti
dövlət sərhəddindəki üç kənddə olub.

O, Şurnuxu kəndində inşa edilmiş 13 evin açarlarını yerli
sakinlərə təqdim edib.

Daha sonra isə N.Paşinyan ampluasına sadiq qalaraq, “real və
uydurma Ermənistanla” arasındakı fərqlərdən bəhs edib, arxiyepiskop
Baqratın (Vazgen Qalstanyan) əslində erməni kilsəsi, sabiq
prezidentlər Robert Köçəryan və Serj Sarqsyan, habelə erməni
diasporunun marioneti olduğunu söyləyib, sonda da uşaqlara dondurma
və şokolad paylayıb.

Ermənistanda iqtidarda olan “Mülki Müqavilə” partiyasının
parlament fraksiyasının katibi Artur Hovannisyansa bu gün bəyan
edib ki, ölkənin ali qanunverici orqanının növbədənkənar iclasında
iştirak etməyəcəklər.

“Müxalifətin gündəmi saxtadır və Ermənistanın dövlət maraqlarına
əsla cavab vermir. Parlamentin növbədənkənar iclası da iştirakımız
olmadan baş tuta bilməz. Bəli, qanuna müvafiq olaraq çağırılacaq,
amma yetərsay olmadığından baş tutmayacaq”, – A.Hovvanisyan
deyib.

“Mülki Müqavilə” sözünün üstündə durub və parlamentin bugünkü
iclasını boykot edib.

Erməni kilsəsi, sabiq prezidentlər Robert Köçəryan və Serj
Sarqsyanla onların başçılıq etdikləri “qarabağlılar klanı”,
ABŞ-Fransa-Rusiya triosundakı erməni icmasının rəhbərləri və
Ermənistanda kənardan maliyyəşən kiçik müxalifət qruplarının
müvəqqəti koalisiyasına başçılıq edən arxiyepiskop Baqrat, yaxud
əsl ad və soyadı Vazgen Qalstanyan olan keşiş baş nazir postunda
özünü gördüyünü deyir. Halbuki onu irəli çıxaranların real məqsədi
Robert Köçəryanı hakimiyyətə gətirməkdir.

Nikol Paşinyan bunu bilir və əslində, keşiş Baqratı özünə rəqib
hesab etmir.

Onun yaxın perspektivdə hədəfləri Baqratın arxasında duran
qüvvələrdir.

Rusiyadakı erməni icmasının ən böyük diaspor təşkilatı olan
Rusiya Ermənilər İttifaqının (REİ) sədri Ara Abramyan aşkar şəkildə
keşiş Baqratı dəstəkləyib və bununla da N.Paşinyana meydan
oxuyub.

İrəvandakı hakimiyyət daxili siyasi mübarizə müstəvisində
diaspor qurumlarının və müxtəlif ölkələrdəki erməni icmalarının
proseslərə kobud müdaxiləsi həmişə qıcıqla qarşılasa da, bu dəfə
isteblişmentin reaksiyası daha sərt olacaq.

A.Abramyanın təsir imkanlarının minimuma endirilməsinə göstəriş
verilib və həmin istiqamətdə artıq ilkin addımlar da atılır.

Nikol Paşinyanın əsas məqsədi erməni kilsəsinin siyasi
intriqalarına son qoymaqdır və o, malik olduğu inzibati resursların
istisnasız olaraq hamısını işə salaraq katolikos 2-ci Qareginin
mövcud hakimiyyətin devrilməsinə yönəlmiş planlarını alt-üsit etmək
üçün bütün gücündən istifadə edəcək.

Robert Köçəryanla Serj Sarqsyanın duetinə gəldikdə isə, onların
hakimiyyətə qayıtmaq şansları total sıfıra bərabərdir. Hazırda
Ermənistanda davam edən etiraz aksiyalarında “Paşinyan – istefa!”
tələbləri səslənsə də, elə həmin qışqıran ermənilərin total
əksəriyyəti Robert Köçəryanı korrupsioner, yalançı, tamahkar və
yaramaz insan hesab edirlər.

Serj Sarqsyansa ümumiyyətlə, baş nazir postuna iddiaların
reallaşma ehtimalı baxımından siyasi meyitdir.

Rəsmi İrəvan müxalifətin xzəiflədilməsi və Qərbə meylli
siyasətin yürüdülməsi kimi strategiyasının səbəbi kimi ölkənin
təhlükəsizliyinin təminatını göstərir.

Halbuki Azərbaycanın Ermənistana şərti dövlət sərhədinin
demarkasiyası və delimitasiyası, yekun sülh müqaviləsinin
imzalanması, kommunikasiyaların bərpası və yeni loqistik
marşrutların istifadəyə verilməsi təki proseslər başa çatandan
sonra Paşinyanın iddiası məntiqi əsasını itirəcək. Ən azı ona görə
ki, sadalanan proseslərin uğurla məntiqi nəticəyə çatdırılması
Azərbaycanla Ermənistan arasında normal dövlətlərarası
münasibətlərin qurulmasını ehtiva edəcək.

Bundan başqa, Cənubi Qafqaz regionunda Ermənistan üçün heç bir
real təhlükə yoxdur. Azərbaycan ermənilərə qarşı yeni müharibəyə
başlamaq niyyətində deyil. İran İrəvanın təhlükəsizliyinin qarantı
olduğunu sürəkli bəyan edir. ABŞ, Fransa və Avropa İttifaqının
təhlükəsizlik vədlərinə rəğmən, Rusiya Ermənistana qarşı sərt cəza
tədbirlərinə əl atmaq fikrinin daşıyıcısı rolunu oynamır. Gürcüstan
Ermənistan üçün heç bir potensial təhdid kəsb etmir. Türkiyəyə
gəldikdə – Ankara üçün İrəvan yalnız Azərbaycan-Ermənistan
problematikası baxımından maraqlı olub.

Belədə Nikol Paşinyanın və onun komandasının MDB ölkələrinin
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərk edərək
NATO və Avropa İttifaqı ilə maksimum yaxınlaşma strategiyasını
reallaşdırmağa meylli olmaları məntiqsiz təsir bağışlayır.

Əgər Ermənistan üçün bölgədə geosiyasi, siyasi və hərbi risklər
yoxdursa, Azərbaycanla münasibətlərin qismən də olsa, normallaşması
ermənilərin stabil həyatını şərtləndirirsə, Paşinyan iqtidarının
indiki xarici siyasəti, yumşaq desək, intellektual zəmindən çox
uzaqdır.

Ermənistan rəhbərliyinin qatı anti-Rusiya ritorikasının
fasiləsiz güclənməsinə və intensivləşməsinə rəğmən, İrəvandakı
siyasi elitalar da etiraf edirlər ki, ölkə iqtisadiyyatı MDB
daxilində Rusiyaya çox bağlıdır və əksər sahələrdə, hətta Rusiyadan
tam asılıdır. Mövcud şəraitdə İrəvanın Moskva ilə təmasları
minimallaşdırması və aşkar şəkildə Qərbə üz tutması faktiki mümkün
deyil. İqtisadiyyat Rusiyanın hesabına iflasa uğramırsa, təbii
qazdan və yanacaqdan tutmuş, ərzağadək ucuz qiymətə Rusiyadan
alınırsa, Qərbə doğru addımlayaraq geridə qəzəbli Rusiyanı qoymaq
absurd qərar təsiri bağışlayır.

Nikol Paşinyan və onun komandası hələ də ermənilərə Qərblə
yaxınlaşmanın, xüsusilə də Fransa və Avropa İttifaqı ilə sözdə olsa
da, sıx əməkdaşlığın olmasının ölkəyə konkret hansı faydalar
verdiyini deyə bilmirlər.

Çətindir, çünki bu faydalar əslində yoxdur.

Təsəvvür edək ki, Ermənistan əvvəlcə KTMT-ni, daha sonra
Avrasiya İqtisadi Birliyini və Avrasiya Gömrük İttifaqını tərk
edir, Rusiyadan çox ucuz qiymətə mal və məhsul almaq imkanlarını
itirir, əvəzində Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusunu
qazanır.

İrəvan belədə nəyi itirəcək, nəyi qazanacaq?

Ermənistan məhsullarını satmaq, yəni ixrac etmək üçün
bazarlardan, ucuz qiymətə idxal etdiyi təbii qazdan, neftdən,
yanacaq-sürtkü materiallarından, urandan və s. mədhrum olacaq,
bölgə ölkələri ilə münasibətləri gərginləşəcək, Rusiyanın cavab
reaksiyasını gözləmək məcburiyyətində qalacaq.

Əvəzində silahlı qüvvələrini ABŞ, Fransa və Avropa İttifaqından
alacaq köhnə, müasir tələblərdən uzaq silahlarla və hərbi texnika
ilə təmin edəcək, ordusunu NATO standartlarına keçirməyə
başlayacaq, Qərbdən güzəştli kreditlər və qrantlar alacaq.

Hamısı bu.

Göründüyü kimi, Ermənistanın itkiləri əldə edə biləcək illüzor
gəlirlərdən dəfələrlə çox olacaq və Nikol Paşinyan baş nazir
postuna yiyələndiyi 2018-ci ildən bəri ən ağır risklərlə
üzləşəcək.

İrəvandakı siyasi elitaların və hakimiyyətin həmin çağırışların
öhdəsindən gəlmək bacarıqları isə məlum olduğu kimi, yoxdur.

Müxalifətin etiraz aksiyalarının kinetik enerjisinin azlığına və
sosial bazanın zəifliyinə güvənərək əmin davranan Paşinyan kənar
risklərlə qarşılaşanda nə edəcək – bilinmir.

İrəvandakı hakimiyyət heç olmasa, bunu düşünməlidir.