Advertisement

Gəncə Dövlət Filarmoniyasinda Azərbaycan Bəstəkarlar İttifaqinin 90 illiyinə həsr olunan plenum keçirilib (FOTO)

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan
Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunan konsert
proqramı baş tutub.

Trend xəbər verir
ki, tədbirin açılışında Azərbaycan Bəstəkarlar İttifaqınin sədri,
Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Bəstəkarlar İttifaqının
90 illiyi münasibətilə səyyar plenumuna həsr olunmuş konsertin
Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd etdi.
Gəncənin böyük Fikrət Əmirovun, Qəmbər Hüseynlinin vətəni olduğunu
vurğulayan Firəngiz Əlizadə Gəncə Dövlət Filarmoniyasının
rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Konsert proqramı birləşmiş orkestrin ifasında Üzeyir
Hacıbəylinin “Koroğlu” operasından 3-cü pərdədən “Rəqs” ilə
başlayıb.

Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu, Xalq çalğı
alətləri orkestrinin müşayiəti ilə Müslüm Maqomayevin “Radio
Marşı”, Vasif Adıgözəlovun “Bayram suitası” səsləndirilib. Həmçinin
Samirə Hacıyeva Səid Rüstəmovun “Hardasan”, Qaya Nəsibzadə Süleyman
Ələsgərovun “Vətənimdir” romansını, Rüstəm Cəfərov “ Evləri var
xana-xana” Azərbaycan xalq mahnısını ifa ediblər.

Xalq artisti Rafael Bayramovun bədii rəhbərliyi və dirijorluğu,
Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Qara
Qarayevin “İldırımlı Yollarla” baletindən “Qızların Rəqsi”, Aqşin
Əlizadənin “Cəngi”, Vaqif Mustafazadənin “Mart”, tarda Əli Əliyevin
ifasında Sərdar Fərəcovun “Rondoletta” səsləndirilib.

Məmməd Cəfərovun bədii rəhbərliyi, Nazilə Cəfərovanın
dirijorluğu ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional
Kollecin Xor kollektivi Üzeyir Hacıbəylinin “Ey Vətən” əsərini,
Məmməd Cəfərovun “Kontata” – dan 1-ci və 2-ci hissələri ifa
ediblər.

Konsert proqramı Fikrət Əmirovun “Min Bir Gecə Baletindən”
“Bayram rəqsi” ilə başa çatıb.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az