Bakı. Trend:
Avropa İnvestisiya Bankı (AİB ) COP29-da Azərbaycanı konfransın
iddialı nəticələrinə nail olmaqda və “yaşıl” iqtisadiyyata keçidi
təmin etməkdə dəstəkləməyə hazırdır.
Bu barədə Trend-ə eksklüziv müsahibəsində AİB-nin Cənubi Qafqaz
üzrə regional nümayəndəliyinin rəhbəri Matsiy Çura bildirib.
“Paris Sazişinin qlobal istiləşməni 1,5 ºC ilə məhdudlaşdırmaq
məqsədinə çatmaq istəyiriksə, daha çox çalışmalıyıq. Buna görə də,
COP29-un uğurlu iqlim sammiti qlobal iqlim dəyişikliyi ilə
mübarizədə qlobal tədbirləri sürətləndirmək üçün çox vacibdir. AİB
kimi çoxtərəfli inkişaf bankları (MDB) iqlim dəyişikliyi ilə
mübarizədə dövlət və özəl maliyyələşmənin artırılmasında açar rol
oynayır. Biz COP29-da müzakirə olunacaq ambisiyalı qərarları
dəstəkləməyə hazırıq ki, bunlar iqlim dəyişikliyi ilə mübarizə
maliyyələşdirilməsində yeni hədəfi və qlobal keçidin
sürətləndirilməsini əhatə edir. Biz Avropa Komissiyası və MDB qrupu
ilə birgə COP29-a hazırlıqda aktiv iştirak edirik”, – deyə o
bildirib.
Bankın nümayəndəsinin sözlərinə görə, 2023-cü ildəki
investisiyaların 50 faizindən çoxu “yaşıl” iqtisadiyyata keçidə
yönəldiyi üçün AİB həm AB daxilində, həm də xaricində “İqlim Bankı”
kimi mövqeyini möhkəmləndirib.
“Bu bizim əsas prioritetimizdir. “Yaşıl” iqtisadiyyata keçidin
uğuru sənayemizi, nəqliyyat vasitələrimizi və evlərimizi təmiz və
əlverişli enerji ilə təmin etmək bacarığımızdan asılıdır. Bu fosil
yanacaqla işləyən sənaye proseslərini əvəz edəcək inqilabi
texnologiyaların hazırlanması üçün genişmiqyaslı investisiyalar
tələb edir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, AİB Azərbaycanda biznesin inkişafına
müxtəlif dəstək göstərməyə davam edir.
“AİB 2014-cü ildən Azərbaycanla əməkdaşlıq edir. AİB Global
AB-nin siyasi hədəflərinə, məsələn, Gənc sahibkarlar, iş dünyasında
qadınlar və kənd yerlərinin inkişafına xüsusi diqqət yetirərək
mikro, kiçik və orta müəssisələr üçün maliyyələşməyə çıxışın
yaxşılaşdırılması kimi əsas İqtisadi İnvestisiya Planının
təşəbbüslərinə əməl edir. Bu çərçivədə keçən ay biz Bank Respublika
ilə 10 milyon avro məbləğində kredit müqaviləsi imzaladıq”, – deyə
o vurğulayıb.
O əlavə edib ki, bu müqavilə kiçik biznesi güzəştli şərtlərlə
kredit verməklə gücləndirməyə yönəlib.
“Bu əməliyyat Cənubi Qafqazda kiçik bizneslərə dəstək
təşəbbüsümüzün bir hissəsidir və bu iş yerlərinin yaradılmasına və
ya qorunmasına, xüsusi sektorun artımına və bölgədə sosial
inteqrasiyaya kömək edəcək.
Bundan əlavə, AİB Global təşəbbüsü çərçivəsində bank layihələrin
hazırlanması və həyata keçirilməsində məsləhət dəstəyi və texniki
yardım da göstərir. “Hal-hazırda biz Bakı-Böyük Kəsik dəmir yolu
keçid koridoru boyunca dəmir yolu keçidlərinin təhlükəsizliyinin
artırılması üçün məsləhət dəstəyi göstəririk ki, bu da Orta
dəhlizdə Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) mühüm
bağlantısıdır””, – deyə Çura əlavə edib.
O, qeyd edib ki, bu dəstək Azərbaycan dəmir yollarına tədbirləri
təhlil etmək və prioritetləşdirmək, həmçinin müvafiq layihə
tədqiqatlarını hazırlamaq üçün kömək edir.
“AİB bu dəstəyi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və
bizim birgə yardım proqramımız JASPERS tərəfindən idarə olunan Şərq
Tərəfdaşlığı İnvestisiya İnkişaf Proqramı (EPIC) çərçivəsində təmin
edir. EPIC Şərq Tərəfdaşlığı ölkələrinə nəqliyyat əlaqələrini
yaxşılaşdırmaq üçün pulsuz məsləhət dəstəyi və texniki yardım
təklif edir”, – deyə Matsiy Çura əlavə edib.
Regional nümayəndəliyin rəhbəri həmçinin bildirib ki, AİB Global
həm dövlət, həm də özəl sektorda Azərbaycanla qarşılıqlı maraq
doğuran prioritet sahələrdə layihələrin maliyyələşdirilməsi üçün
əməkdaşlığa hazırdır.
“Bizim gələcəyimiz Azərbaycanda AB-nin İqtisadi və İnvestisiya
Planında təsvir edilən əsas təşəbbüslərin həyata keçirilməsinə
yönəlib ki, bunlara “yaşıl” əlaqəlilik, rəqəmsallaşdırma – rəqəmsal
nəqliyyat dəhlizinə dəstək, davamlı, innovativ, “yaşıl” və
rəqabətli iqtisadiyyata dəstək – 25,000 kiçik və orta müəssisəyə
birbaşa dəstək, kənd yerlərinin innovativ inkişafı, daha ağıllı və
ekoloji şəhərlər daxildir. Cənubi Qafqaz üzrə AİB Global
strategiyası Avropa İttifaqının prioritetləri ilə müəyyən edilir.
Bank Respublika-ya verilən son kredit bu planın məqsədlərinə
çatmağa kömək edir və Cənubi Qafqazda MKOM-ların
məlumatlandırılması təşəbbüsümüzün bir hissəsidir. İqtisadi və
İnvestisiya Planı həmçinin prioritet investisiya layihələrini əhatə
edir və biz onların həyata keçirilməsini Azərbaycan hökuməti ilə
müzakirə edirik”, – deyə Matsiy Çura yekunlaşdırıb.
Qeyd edək ki, AİB Qrupunun 2023-cü ildə imzaladığı yeni
maliyyələşdirmənin həcmi 88 milyard avroya çatıb, “yaşıl”
maliyyələşdirməyə isə 49 milyard avro ayrılıb. AİB Global, AİB -nin
inkişafdan kənar əməliyyatlara cavabdeh bölməsi, 2023-cü ildə 8,4
milyard avro məbləğində yeni maliyyələşdirmə müqaviləsi
imzalayıb.



























