
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi taxıl biçini mövsümü ilə əlaqədar
yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
FHN-dən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilib ki,
taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb
edir.
“Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin
yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin
təmin olunmasının vacib şərtlərindəndir.
Yuxarıda qeyd olunanları və biçin mövsümünün ilin isti və quraq
dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi
əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak
edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına
ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və
zəruri qaydaları bir daha xatırladır:
– taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək,
o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq
qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer
ayrılmalıdır!
– yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya
kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab
və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;
– taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı
təmizlənməlidir;
– biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə
vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl
yanğın-texniki müayinədən keçirilməlidir;
– işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı
yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol
verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının
saxlanılması qəti qadağandır!
– tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş
tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin
edilməlidir;
– əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol
xətləri arasında mühafizə zolağı yaradılmalıdır;
– yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar
məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri
ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını
söndürməyə çalışılmalı və “112” qaynar xəttinə məlumat
verilməlidir”, məlumatda deyilir.





























