
Bakı. Trend:
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hazırkı
vəzifəsində səlahiyyət müddəti başa çatdıqdan sonra Belçikanın
xarici və Avropa işləri naziri ola bilər.
Trend xəbər
verir ki, bu barədə “Politico” nəşri adı çəkilməyən iki Belçika
məmuruna istinadən məlumat yayıb.
Onların fikrincə, Mişelin Belçikanın xarici işlər naziri
vəzifəsinə təyin olunması onun ölkənin baş naziri və Aİ Şurasının
prezidenti kimi təcrübəsi nəzərə alındıqda, məntiqlidir. Bundan
başqa, Şarl Mişelin mənsub olduğu “İslahat Hərəkatı” partiyası
Belçikanın fransızdilli hissəsində keçirilən seçkilərdə yüksək
nəticələr göstərib. Bunun sayəsində Şarl Mişel Belçika hökumətində
bir neçə vəzifəyə, o cümlədən, xarici və Avropa işləri naziri
portfelinə müraciət edə bilər.
Qeyd edək ki, Şarl Mişel 2019-cu il dekabrın 1-dən Aİ Şurasının
prezidenti vəzifəsini icra edir. Onun bu vəzifədə ikinci müddəti
bitmək üzrədir və Aİ-nin qaydalarına əsasən, Mişelin yenidən bu
posta seçilməsi mümkün deyil. Şarl Mişel 2014-2019-cu illərdə
Belçika hökumətinə rəhbərlik edib, 2011-2019-cu illərdə isə liberal
“İslahat Hərəkatı” partiyasının lideri olub.





























