Advertisement

SOFAZ-ın da iştirak etdiyi konsorsium Dubayda “GEMS Education”a investisiya yatırır

Bakı. Trend:

Kanadanın “Brookfield Asset Management Ltd.” şirkətinin
rəhbərlik etdiyi və Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) də
iştirak etdiyi konsorsium baş ofisi Dubayda yerləşən “GEMS
Education” beynəlxalq təhsil şirkətinə investisiya yatırır.

Bu barədə Trend-ə fonddan məlumat veriblər.

Məlumata görə, “Brookfield Asset Management” təhsil şirkətinə 2
milyard dollara yaxın investisiya yatırmağı planlaşdırır.
Sövdələşmənin digər təfərrüatı açıqlanmayıb.

“Brookfield” və SOFAZ ilə yanaşı, konsorsiuma, həmçinin, Dubayda
yerləşən “Gulf Islamic Investments” və “Marathon Asset Management”
şirkətləri daxildir. Sövdələşmənin normativ və digər adi şərtlərə
riayət etməklə üçüncü rübdə bağlı olacağı gözlənilir.

Bu sövdələşmə 2022-ci ildə başlayan satış prosesini tamamlayır.
Bundan əvvəl “Varkey Foundation” şirkəti 2020-ci ildə öz payının
bir hissəsini satmaq istəyib, lakin COVID-19 pandemiyası
başladığından, sövdələşməni həyata keçirmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda “GEMS Education”da Birləşmiş Ərəb
Əmirliklərinin 40-dan çox məktəbində 135 mindən çox tələbə təhsil
alır.

“Global Education Management Systems (GEMS)” kimi əsası qoyulmuş
“GEMS Education” beynəlxalq təhsil şirkətidir. Bu, qlobal
konsaltinq və təhsil idarəçiliyi şirkətidir və dünyanın 12 sinfə
qədər ən böyük uşaq bağçaları operatorudur. “GEMS Education
Solutions” özünün konsaltinq şöbəsi vasitəsilə beynəlxalq səviyyədə
dövlət və özəl sektordan olan müştərilərlə məktəblərin
yaxşılaşdırılması ilə bağlı təşəbbüslərin üzərində işləyir.

Əsası Dubayda qoyulmuş və baş ofisi burada yerləşən “GEMS”
Birləşmiş Krallıq, ABŞ, Sinqapur, Hindistan, Səudiyyə Ərəbistanı,
Qətər, Misir, Keniya və Birləşmiş Ərəb Əmirliklərində ofislərə
malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun