Advertisement

Aİ və Ukraynaya daha çox Azərbaycan qazı lazımdır – Bakı öz tərəfdaşlarının enerji təhlükəsizliyini möhkəmləndirməyə hazırdır

Bakı. Trend:

Xüsusilə artan tələbat və geosiyasi qeyri-sabitlik şəraitində
enerji təhlükəsizliyi və enerji təchizatı mənbələrinin
şaxələndirilməsi Avropa İttifaqının əsas prioritetlərindən biridir.
Bu kontekstdə Azərbaycan mühüm tərəfdaş kimi çıxış edərək,
Avropanın enerji ehtiyaclarını ödəmək üçün mühüm təbii qaz
ehtiyatları təklif edir. Azərbaycan avropalı tərəfdaşlarının tələb
və ehtiyacları çərçivəsində fəaliyyət göstərməklə müstəsna olaraq
enerji təhlükəsizliyini və sabitliyi təmin etməyi hədəfləyir.

Prezident İlham Əliyevn iyunun 4-də Bakı Enerji Həftəsi
çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power”
sərgilərinin açılışında çıxışında dediyi kimi, bu gün səkkiz ölkə
Azərbaycandan qaz alır.

“Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox
ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz
Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası
Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu,
həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı
Avropa ölkəsidir.

Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz
enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına
ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası
gedir. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli
təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr,
əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr
axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər.

Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində
imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların
hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində
imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər
ərzində qazanılıb”, – dövlət başçısı deyib.

Azərbaycan qitənin enerji təhlükəsizliyinə töhfə vermək üçün
avropalı tərəfdaşların xahişi ilə hər zaman yardım əlini uzatmağa
hazır olduğunu bildirib. İndi də Avropa Azərbaycan qazını Ukrayna
vasitəsilə nəql etmək imkanını nəzərdən keçirir. Məsələ
burasındadır ki, Ukrayna Rusiyanın “Qazprom” şirkəti ilə 5 illik
müqaviləni yeniləməyəcəyini açıqlayıb. Ukrayna vasitəsilə qazın
keçmiş əsas alıcıları Avstriya, Slovakiya, İtaliya, Macarıstan,
Xorvatiya, Sloveniya və Moldovadır. Avstriya qazın böyük hissəsini
hələ də Ukraynadan alır, digər ölkələr isə öz mənbələrini
şaxələndirib və tələbatı azaltmaq üçün addımlar atıb.

Avropalı məmurlar və hökumət nümayəndələri Ukrayna tərəfi ilə
Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair sazişin
müddətini 2025-ci ilə qədər uzatmaq barədə danışıqlar aparır.
Müzakirə olunan variantlardan biri də Azərbaycandan qazın alınması
və onun Ukrayna ərazisindən Rusiyanın qaz kəmərləri vasitəsilə
nəqlidir.

Bu hadisələrin fonunda Qərb mediasında təşəbbüsün guya
Azərbaycandan gəldiyi ilə bağlı fərziyyələr ortaya çıxıb. Lakin
əslində, bu planı fəal şəkildə irəli sürən Ukrayna və Avropa
İttifaqıdır. Ukrayna öz ərazisi vasitəsilə qaz tranzitini
saxlamaqda maraqlıdır ki, bu da ona əhəmiyyətli gəlir gətirir və
Avropanın enerji sistemində ölkənin mövqeyini möhkəmləndirir.
Avropa İttifaqı isə öz növbəsində enerji təhlükəsizliyi üçün
potensial risklərdən qaçmaq üçün qaz tədarükünü şaxələndirmək
yollarını axtarır.

Slovakiya və Avstriya kimi ölkələr üçün sabit qaz təchizatı
həyati əhəmiyyət kəsb edir. Ukrayna ərazisi vasitəsilə tranzitə
dair razılaşma uzadılmayacağı təqdirdə, onlar lazımi həcmdə qazdan
məhrum olmaq riski ilə üzləşirlər. Azərbaycandan qazın satın
alınması və onun Ukrayna vasitəsilə nəqli tədarüklərdə mümkün
fasilələrin qarşısını almağa kömək edəcək strateji qərardır.

Qeyd etmək lazımdır ki, Azərbaycan qazının Ukraynaya tədarükü
ideyası uzun tarixə malikdir və indiki hadisələrdən xeyli əvvəl
müxtəlif səviyyələrdə müzakirə olunub. 2020-ci ilin yanvarında
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Ukraynanın
infrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi iqtisadi
əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında
Ukraynanın Cənub Qaz Dəhlizinə qoşulması variantları müzakirə
edilib. Nazirlikdən bildirildiyi kimi, Ukrayna təbii qazın nəqli
marşrutlarının və mənbələrinin şaxələndirilməsində maraqlıdır.

“Ukrayna qaz kəmərinin ötürücülük qabiliyyətinin
genişləndirilməsinin ikinci və üçüncü fazaları çərçivəsində
Azərbaycandan qaz ala biləcək. Bundan başqa, Azərbaycandan
Ukraynaya xam neftin tədarükünün təşkili məsələləri üzrə
əməkdaşlığın genişləndirilməsində maraqlıyıq və maye təbii qaz
tədarükləri imkanını gözdən keçirməyə hazırıq”, – deyə nazirlikdən
bildiriblər.

Bütünlükdə, Cənub Qaz Dəhlizinin (CQD) inşası ideyası yarananda
əsas məqsəd Avropa ölkələrini Xəzər dənizinin enerji resurslarına
birləşdirməklə tədarükün şaxələndirilməsindən ibarət idi. Bu
infrastruktur Avropanın ən çətin enerji böhranı dövründə öz
əhəmiyyətini sübut etdi. Təsadüfi deyil ki, 2022-ci ilin iyulunda
Avropa İttifaqı Azərbaycanla CQD-nin imkanlarının iki dəfə
artırılmasına dair memorandum imzalayıb. Bu istiqamətdə ilk
addımlar artıq atılıb. CQD-nin Avropa hissəsi olan Trans-Adriatik
Boru Kəməri 2025-ci il dekabrın 31-dək ildə əlavə olaraq 1,2
milyard kubmetr qaz tədarük edəcək. 2027-ci ilə qədər isə sistemin
gücünün ildə 20 milyard kubmetrə qədər artacağı gözlənilir.

Avropada kəskin enerji böhranı şəraitində Azərbaycan qazına
tələbat sürətlə artır. Azərbaycan daima avropalı tərəfdaşlarının
istək və ehtiyacları çərçivəsində fəaliyyət göstərir. Qaz
tədarükləri üzrə bütün fəaliyyət Avropada sabitliyin qorunmasına və
enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Azərbaycan
rəsmilərinin ölkənin Avropa bazarının artan tələbatını ödəməyə
hazır olduğunu vurğulayan çoxsaylı bəyanatları da bundan xəbər
verir.

Azərbaycan öz qaz tədarüklərinə təzyiq və ya digər enerji
mənbələri ilə rəqabət vasitəsi kimi baxmır. Əksinə, əsas məqsəd
Avropa ölkələri üçün enerji təchizatının sabitliyini və
təhlükəsizliyini təmin etməkdir. Ukrayna ərazisindən qaz tranziti
sazişinin müddətinin uzadılmasına dair danışıqların aparılması və
Azərbaycandan qazın alınması variantlarının müzakirəsi müasir
Avropa enerji siyasətinin mürəkkəbliyini və çoxşaxəli xarakterini
vurğulayır. Qərb mətbuatında müxtəlif interpretasiyalara
baxmayaraq, Ukrayna qaz kəmərləri ilə əlavə qaz tədarükünün təmin
edilməsi təşəbbüsü regionun enerji təhlükəsizliyini gücləndirməyə
çalışan Ukrayna və Avropa İttifaqından irəli gəlir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun