Astana. Trend:
Qazaxıstan və Azərbaycan operatorlarının Xəzərin dibi ilə
fiber-optik xətt çəkilişi layihəsinə investisiyaları 23 mlrd. tenge
(təqribən 50,8 mln. dollar) olacaq.
Trend xəbər
verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan
Madiyev hökumət iclasında deyib.
“Milli Layihə çərçivəsində Rəqəmsal İpək Yolunun inkişafı üçün
bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlara
Xəzər dənizinin dibi ilə 370 km uzunluqda optik xəttin çəkilməsi
daxildir. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının
investisiyaları 23 mlrd. tengedən çox olacaq. Bu gün “Qazaxtelekom”
SC və “Azertelecom” MMC arasında birgə müəssisə yaradılıb, sualtı
fiber-optik rabitə xəttinin layihələndirilməsi və çəkilməsi üzrə
podratçının seçilməsi üçün elan edilmiş tender başa çatmaq
üzrədir”, – Madiyev deyib.
Həmçinin, onun sözlərinə görə, Qazaxıstan ərazisindən tranzit
daşımaların artırılmasını nəzərdə tutan Qərb-Şərq milli
hipermagistralının tikintisi planlaşdırılır. Eyni zamanda, tranzit
və beynəlxalq trafikin saxlanması üçün ən azı 3-cü dərəcəli
məlumatların emalı mərkəzi inşa olunacaq.
“Bu iki tədbir üçün “Freedom Telecom” MMY-dən təklif daxil olub.
Hipermagistraldakı şəxsi investisiyalar müddət 2025-ci ilin sonuna
qədər olmaqla 17 milyard tengedən (təxminən 37,5 milyon dollar),
məlumat emalı mərkəzinin tikintisinə isə müddət 2027-ci ilin sonuna
qədər olmaqla 90 milyard tengedən (təqribən 199 milyon dollar) çox
olacaq. Bütün bu tədbirlərin həyata keçirilməsi beynəlxalq məlumat
tranziti üçün alternativ marşrut və BigTech şirkətlərinin (Google,
Amazon, Microsoft) bazara cəlb olunmasını təmin edəcək”, – nazir
deyib.
Xatırladaq ki, Astanada keçirilən beynəlxalq forum çərçivəsində
2022-ci ilin sentyabrında Azərbaycanın və Qazaxıstanın aparıcı
telekommunikasiya şirkətləri olan “Azertelecom” və “Qazaxtelecom”
arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin
çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq memorandumu
imzalanıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























