
Bakı. Trend:
Rumıniya – Ukrayna matçında bu hesabı gözləmirdim. Mənim üçün
sürpriz nəticə qeydə alındı.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.
O, AVRO-2024-ün dördüncü günündə baş tutan üç qarşılaşmanı şərh
edib. Əliyevin sözlərinə görə, E qrupunda Ukraynanın qalib
gələcəyini proqnozlaşdırsa da, rumınların 3:0 hesablı qələbəsi
gözlənilməz olub:
“Bu cür məğlub olmaları bir çoxunu şoka saldı. Çünki Ukraynanın
yaxşı heyəti var və heyətində güclü klublarda çıxış edən
legionerlər çıxış edir. Bu səbəbdən fikirləşdirdim ki, həmin
oyunçular rumıniyalılara rahatlıqla qalib gələ bilərlər”.
Veteran futbolçu qrupun Belçika – Slovakiya (0:1) matçında da
birincilərin uduzmasını gözləmədiyini deyib:
“Belçikanın heyətində ulduz futbolçular var. Qollar vursalar da,
VAR-dan sonra sayılmadı. Yaranan epizodlardan da istifadə edə
bilmədilər. Nəticə isə Ukrayna yığmasında olduğu kimi, burda da
gözlənilməz oldu”.
Fransanı AVRO-2024-ün favoriti hesabı etdiyini bildiriən Əliyev
Didye Deşamın komandasının növbəti qarşılaşmalarda da sözünü
deyəcəyinə inam ifadə edib:
“Amma Avstriya da onlara “diş” göstərdi. Əzimkar mübarizə
aparırdılar. Heyət baxımından Fransa çox güclüdür. Matç ümumilikdə
çətin keçsə də, qalib gəldilər. İlk oyunlar həmişə bir az gərgin
keçir”.
Qeyd edək ki, D qrupunda yer alan Fransa Avstriyaya 1:0 hesabı
ilə qalib gəlib.





























