
Bakı. Trend:
Azərbaycan xalqı bu günlərdə Novruz bayramını qeyd edir.
Məlumdur ki, bayram ərəfəsində ərzaq məhsullarına tələbat artır ki,
bu da bazarda süni qiymət artımına yol açır. Bəzi işbazlar
tələbatın yüksəlməsini fürsət bilərək, məhsulların qiymətlərini
qaldırır.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətindən bildirilib ki, qurum tərəfindən istehlak bazarında
mütəmadi monitorinqlər aparılır.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə
“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların
(işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya
daxil olan malların (işlərin, xidmətlərin) qiymətləri dövlət
tərəfindən müəyyən edilir. Digər malların (işlərin, xidmətlərin)
qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif
əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən
edilir.
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz
məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən
edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara
müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur,
istehlakçıların onların arasından qiyməti və istehlak xassələri
daha uyğun olan malı sərbəst seçmək hüququ var.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının
alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə
riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi
monitorinqlər aparır. Antiinhisar qanunvericiliyinin tələblərinin
pozulduğu aşkar edildiyi təqdirdə, qanunamüvafiq tədbirlər
görülür.





























