
Bakı. Trend:
İyunun 20-də ümumi təhsil müəssisələrinin IX və X sinif
şagirdlərinin iştirak etdikləri “Qərbi Azərbaycana qayıdış”
olimpiadasının final mərhələsi təşkil olunacaq.
Bu barədə Trend-ə Elm və
Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, olimpiadanın final mərhələsi Naxçıvan şəhərində
keçiriləcək. Finalda olimpiadanın ikinci mərhələsində ən yüksək
nəticə göstərmiş 36 şagird bilik və bacarığını sınayacaq.
Naxçıvan Dövlət Universitetində təşkil olunacaq finalda
münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim
ediləcək.
“Qərbi Azərbaycana qayıdış” olimpiadası qaliblərinin
mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək
“Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil
ediləcək.
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar
Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi
Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı
ilə həyata keçirilir.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi
Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli
ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru
haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən
öyrənilməsini təmin etməkdir.





























