Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun sabah, iyunun 20-də BMT-nin Nyu-Yorkdakı
mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş
növbəti konfransı keçiriləcək.
Trend xəbər verir ki, konfrans BMT-nin Müstəmləkə altında olan
ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin
icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası
çərçivəsində baş tutacaq.
“Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə
son qoyulmasında C24 Komitəsinin Rolu” adlı Konfransda Fransanın və
Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən, habelə
Korsika, Fransız Qvianası, Qvadalup, Martinik, Maohi Nui (Fransız
Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin,
Bonayre, həmçinin, ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı
və Niderlanddan 40-dan artıq rəsmi şəxslər, müstəqillik
hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər,
deputatlar və tədqiqatçılar iştirak edəcək.
Bakı Təşəbbüs Qrupunun bundan öncə təşkil etdiyi beynəlxalq
konfranslardan fərqli olaraq, bu tədbirdə ilk dəfə olaraq
Niderlandın koloniyaları olan Sent-Martin və Bonayredən
nümayəndələrinin iştirakı və çıxışı nəzərdə tutulur.
Konfransda həmçinin, Yeni Kaledoniyanın xarici işlər naziri
ölkəsində baş verən son hadisələr, o cümlədən Fransa hökumətinin
kanak xalqına qarşı həyata keçirdiyi vəhşiliklər barədə dünya
ictimaiyyətini məlumatlandıracaq.





























