Advertisement

Aİ və Azərbaycan təhlükəsizlik siyasəti məsələləri üzrə mübadilələri davam etdirəcəklər

Bakı. Trend:

İyunun 13-də Brüsseldə Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun
Beşinci İclası keçirilib.

Trend Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir
ki, iclas iştirakçıları Aİ ilə Azərbaycan arasında ikitərəfli
münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran xarici
və təhlükəsizlik siyasətinin aktual məsələləri ətrafında fikir
mübadiləsi aparıblar.

İştirakçılar Ermənistan və Azərbaycan arasında münasibətlərin
normallaşması prosesinə, eləcə də regional təhlükəsizliklə bağlı
daha geniş məsələlərə də toxunublar. Bu kontekstdə regional
sabitliyin və davamlı əlaqələrin təşviq edilməsinin vacibliyi qeyd
edilib. Azərbaycan tərəfi İrəvan və Bakı arasında dialoqun
ikitərəfli xarakterini vurğulayıb. Aİ nümayəndələri regionda
yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və
firavan Cənubi Qafqaz yaratmaq məqsədilə sülh prosesinə davamlı
dəstəyini vurğulayıblar.

Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və
Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti vurğulanıb.

Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə prosesinə dəstəyi və
mina qurbanlarına yardımı qiymətləndirilib. Bildirilib ki, Aİ-nin
“Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində
Azərbaycanın minalarla mübarizə proqramının həyata keçirilməsinə
yardım davam etdiriləcək. Azərbaycan tərəfi də Avropa Sülh
Fonduçərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında
maraqlı olduğunu təsdiqləyib.

Görüşün sonunda Aİ və Azərbaycan xarici və təhlükəsizlik
siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək
barədə razılığa gəliblər. Həmçinin, Aİ-Azərbaycan Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün
müvafiq sahələrində konstruktiv işin vacibliyi vurğulanıb.

Tədbirə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini
Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev həmsədrlik ediblər.