
Bakı. Trend:
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin
nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen
xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı
iclasında və “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq
Təhlükəsizlik Sənayesi Sərgisində iştirak etmək məqsədilə Belarus
Respublikasında səfərdədir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
iyunun 19-da günün birinci yarısında Azərbaycan nümayəndə heyəti
Minsk-arenada təşkil olunmuş “Milli Təhlükəsizlik. Belarus – 2024”
2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisinin təntənəli açılış
mərasimində iştirak edib. Sərgidə qəza və fəlakətlərin
nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın
təhlükəsizliyinə dair texnika və avadanlıqlar, müxtəlif vasitələr
nümayiş olunub.
Sonra tədbir iştirakçıları Minsk şəhərində Zəfər abidəsini
ziyarət ediblər.
İyunun 19-u günün ikinci yarısında Minsk şəhərində Müstəqil
Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar
üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçirilib. Azərbaycanın
fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi
Nazirliyin nümayəndə heyəti iclasda iştirak edib. Tədbirdə MDB
ölkələrinin fövqəladə halların idarə olunmasına cavabdeh
qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri
iştirak edib.
İclasda çıxış edən nazir Kəmaləddin Heydərov MDB Təbii və
texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının
ötən il keçirilmiş 35-ci iclasından sonra keçən dövr ərzində
ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülmüş işlər
barədə məlumat verib. Nazir bildirib ki, görülmüş təxirəsalınmaz
tədbirlər nəticəsində baş vermiş təbii və texnogen xarakterli
fövqəladə halların nəticələrinin minimum ziyanla və çevik şəkildə
aradan qaldırılması mümkün olub. K.Heydərov, həmçinin irimiqyaslı
fövqəladə hadisələrlə səmərəli mübarizə aparılması üçün təşkilata
üzv ölkələrin uyğun qurumları arasında operativ məlumat
mübadiləsinin əhəmiyyətini qeyd edib.
İclasda Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə
Dövlətlərarası Şuranın 2023-2024-cü illərdə fəaliyyəti və
əməkdaşlığın təkmilləşdirilməsi tədbirləri geniş müzakirə olunub,
Şuranın 2024–2025-ci illər üçün əsas fəaliyyət planının layihəsi, o
cümlədən qərarlarının icra vəziyyəti barədə müzakirələr aparılıb və
hesabatlar dinlənilib.
Sonda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən MDB Təbii və
texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının
36-cı iclasının Qərarı imzalanıb.





























