Advertisement

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub – DTX

Bakı. Trend:

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər
hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.

DTX-dan Trend-ə verilən
xəbərə görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası
Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni
intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta
videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial
şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”,
“Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc
vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin
ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin
İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar
olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci
(Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil
dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi
başlanılmışdır.

Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq
kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin
dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq
çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd
olunan cinayət əməllərinin qarşısı alınmışdır.

Müəyyənləşdirilmişdir ki, kibercinayətkarların yaratdıqları
saytlara istinadən internetin Azərbaycan seqmentinin
istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar
müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət
edilmiş, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli
dərəcədə artması görüntüsü yaradılmış, vəd edilmiş investisiya
qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı
altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları
əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ
keçirilmişdir.

Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda
pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş
beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində
yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə
cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin
törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının
vətəndaşları – 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və
1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda
cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə
barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi
əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam
etdirilir.