Advertisement

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisi aparılır

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamları
əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin
icrası uğurla davam etdirilir.

Trend AAYDA-ya istinadən xəbər verir ki, bu istiqamətdə mühüm
əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də inşası
davam etdirilən Xankəndi-Şuşa-Laçın avtomobil yoludur.

Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki
dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər
birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və
diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440
və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış
portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış
portalında qazma işləri davam etdirilir.

Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi
işləri də həyata keçirilir.

“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata
keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və
texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi
sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş
ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol
infrastrukturu layihələrindən biri sayılır.