Bakı. Trend:
Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verilib.
Trend bu barədə İran
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, İran və Rusiya rəsmilərinin iştirakı ilə
Rəşt-Xəzər dəmir yolu xətti işə salınıb.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan
Rəşt-Xəzər dəmir yolu xətti bu gün prezident səlahiyyətlərini icra
edən Məhəmməd Möxbər, yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş və
digər rəsmilərin iştirakı ilə istifadəyə verilib.
Qeyd edək ki, 2023-cü il mayın 17-də Rusiya ilə İran arasında
İranın şimalındakı Gilan vilayətində Rəşt-Astara dəmir yolunun
tikintisinə dair saziş imzalanıb. 163 km uzunluğunda olan
Rəşt-Astara dəmir yolu xəttində 9 stansiya tikiləcək. Bu dəmir
yolunun tamamlanması ilə beynəlxalq Şimal-Cənub dəhlizi
təkmilləşdiriləcək, İranın dəmir yolu şəbəkəsi Qafqaz ölkələri,
Rusiya və Şimali Avropa ölkələri ilə birləşdiriləcək. Razılaşmaya
görə, Rusiya tərəfi bu dəmir yolunun tikintisinə 1,6 milyard avro
xərcləməlidir. Bu dəmir yolunun 48 ay ərzində tikilib başa
çatdırılması planlaşdırılır.
Əlavə edək ki, 2000-ci il sentyabrın 12-də Rusiya, İran və
Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında
Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu
sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə tərəfindən
sözügedən sənəd ratifikasiya edilib (Azərbaycan, Belarus,
Bolqarıstan, Ermənistan, Hindistan, İran İslam Respublikası,
Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası,
Tacikistan, Türkiyə, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd
Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daşınan
malların çatdırılma müddətlərini azaltmaqdır (cari marşrutla
çatdırılma müddəti 6 həftədən çoxdur, Şimal Cənub vasitəsilə 3
həftə olacağı gözlənilir).





























