
Bakı. Trend:
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflərinin qarşıdan gələn Konfransını “maksimum ambisiya,
maksimum fəaliyyət və maksimum dəstək” kimi xarakterizə etmək olar
və əhalinin bütün təbəqələri bu beynəlxalq tədbirlərdə iştirak
etməlidir.
Trend xəbər verir ki, bunu bu
gün BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka
Andreyeva Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkil etdiyi
iqlimlə bağlı fəaliyyətə dair forum zamanı deyib.
“Bizim bir planetimiz var, başqa planet olmayacaq. Onu qorumaq
üçün suyun, torpağın, havanın saflığı haqqında düşünməliyik. Buna
görə də əhalinin bütün təbəqələrinin iqlimlə bağlı fəaliyyətdə
iştirak etməsi vacibdir”, – Vladanka Andreyeva deyib.
Onun sözlərinə görə, COP29-da gənclərin səsi “təmsil olunacaq”
və dinləniləcək.
“Miqyaslı iqlim maliyyə planı hazırlanır. Əhalinin bütün
təbəqələrinin rəyi və biliyi nəzərə alınmadan onun səmərəli
inkişafı və həyata keçirilməsi mümkün deyil. Bunda isə gənclərin
rolu çox önəmlidir”, – Andreyeva əlavə edib.
Onun fikrincə, gənc nəsil dünyanın iqtisadi inkişafının karbon
qazı emissiyalarından azad olmasını təmin etməkdə çox
maraqlıdır.
“Dünyanın yaşıl keçidi həyata keçirəcək və yaşıl iqtisadiyyatı
inkişaf etdirəcək insanlara ehtiyacı var. Bunun üçün isə “yaşıl”
proseslər və tendensiyalar haqqında biliklərə əsaslanan müvafiq
təhsil lazımdır. Həm müəllimlər, həm də təlim keçən gənclər üçün”,
– o qeyd edib.
(Tərcümə: Gülnarə Kərimova)


























