
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində mikromobillik
infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən
layihə çərçivəsində 6,5 km məsafəni əhatə edən davamlı
mikromobillik zolağı yaradıb.
Trend nazirliyə istinadən
xəbər verir ki, zolaqlar Bakı şəhərinin, əsasən, mərkəzi
hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa
Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar
ərazisini əhatə edir.
Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlər başa
çatdırılıb. Bulvar ərazisində Dəniz Vağzalının qarşısından “Azneft”
dairəsinədək uzunluğu təxminən 2200 metr olan velosiped yolunun
təşkil edilməsi ilə digər küçə və prospektlərdə salınan velosiped
yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb. Görülən işlər
çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik
məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi
üçün panduslar inşa olunub.
13 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri
təşkil edilib. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin
aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.
Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan
marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin
mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin
qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi
baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər
konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları
şəbəkəsinin 50 km-ə çatdırılması planlaşdırılır.





























