
Bakı. Trend:
Builki Həcc Ziyarətində Azərbaycandan olan zəvvarlar arasında
ölüm halı baş verməyib.
Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi Sədrinin
birinci müavini, müfti Hacı Salman Musayev məlumat verib.
Onun bildirdiyinə görə, media və sosial şəbəkələrdə qeyri-dəqiq
məlumatlar paylaşılması Azərbaycan əhalisində, zəvvarların
ailələrində təlaş yaradıb və ona bu barədə çoxsaylı müraciətlər
edilib.
“Azərbaycanlı zəvvarlar arasında heç bir itki yoxdur. Bizə
Azərbaycandan çox zənglər edilir, insanlar narahatdır, amma buna
əsas yoxdur, çox şükürlər olsun zəvvarlarımız hamısı
sağ-salamatdır. Ümumən bütün dünya zəvvarları arasında ölüm halları
hər il baş verir. Azərbaycanlı zəvvarlardan həlak olanı yoxdur,
Həcc Ziyarətinin bütün əməlləri də yerinə yetirilib” – hazırda
Məkkədə Həcc ziyarətində olan QMİ-nin rəsmi səlahiyyətlisi
bildirib.
Hacı Salman Musayev azərbaycanlı zəvvarların oteldə xəsarət
alması məsələsinə də aydınlıq gətirib. Qeyd edib ki, otelin lifti
sərnişin tutumundan artıq yükləndiyi üçün tənzimləyicisi pozulub və
sürətli şəkildə aşağıya enmə baş verib. Nəticədə liftdə olan 2
nəfər azərbaycanlı qadın zəvvar xəsarət alıb.
“Həmin zəvvarlar xəstəxanaya çatdırılıb. Birinə bel sütununda
diskin qaçmağa meyilliliyi diaqnozu qoyulub, karset taxılıb, digər
lazımi müayinələr edilib. Onun Həcc Ziyarətinin əməllərini yerinə
yetirməsi üçün naib tutuldu, öz vəkaləti ilə əməlləri onun əvəzinə
icra olundu. Amma Ərəfa günü bütün zəvvarların Ərafatda olması
şərtdir, bu, Həccin vaciblərindəndir. Ona görə də xəstəni
ambulansla Ərəfata gətirdik, orada lazım olan qədər qaldıqdan sonra
yenidən xəstəxana maşını ilə geri qaytarılıb” – QMİ rəsmisi
açıqlama verib.
Onun sözlərinə digər xanım zəvvarın xəsarəti yüngül olduğu üçün
xəstəxanada müayinələrdən sonra buraxılıb və o, Həccin rituallarını
özü yetinə yetirib.
Qeyd edək ki, qeyri-rəsmi mənbələrə istinadən, builki Həccdə 600
nəfərə yaxın zəvvarın həlak olduğu bildirilir. Hacı Salman bildirir
ki, Həcc zamanı ölün halları əsasən 3 səbəbdən baş verir –
günvurma, sıx izdihamda olmaq və avtomobil qəzası.
“Ona görə də biz həmişə zəvvarlarımızı bu barədə
təlimatlandırırıq, onlara izah edirik ki, günün ən isti saatlarında
açıq günəş altında olmasınlar. Təvaf vaxtı və digər əməllərin
icrası zamanı çox sıx insan izdihamına girməsinlər. Həmçinin də
yolu keçərkən, küçədə olarkən avtomobillərdən özlərini qorusunlar”
– QMİ Sədrinin 1-ci müavini açıqlama edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində Həcc mövsümü
davam edir. Azərbaycandan Həcc Ziyarətinə bu il 1500 nəfər zəvvar
gəlib. Məkkədə Həccin bütün vacib rituallarının icrası artıq başa
çatıb və Həcc qurbanları kəsilərək Qurban bayramı qeyd edilib.
İyunun sonuna qədər Kəbəni vida təvafı ilə Həcc Ziyarətinin
yekunlaşdırılması və sonra Mədinə şəhərinin ziyarəti nəzərdə
tutulur.





























