
Bakı. Trend:
Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri
olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət
arasında müzakirələrə yol açıb. Bu narahatlıq bəzi tarixi bina
fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi
işlərinə başlanılmasıdır.
Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat
yayıb.
Qeyd edilib ki, aparılan abadlıq işlərin səbəbi – BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) ərəfəsində paytaxt ərazisində bir sıra
binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işlərinin
həyata keçirilməsidir.
“Bir daha xatırladırıq ki, “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən,
abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya,
regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli
Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə
alınmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə
razılaşdırılaraq, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən
sonra aparılmalıdır.
Hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq,
yaranan problemləri yerində həll etmək məqsədi ilə sözügedən
təşkilatların əməkdaşlarından ibarət olan işçi qrup yaradılmışdır.
Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış
keçirir, görülən işlər nəzarətdə saxlanılır. Sözügedən tədbirlər
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş
İdarəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə müvafiq işləri
həyata keçirən “Bakı Abadlıq Xidməti” MMC ilə koordinasiyalı
şəkildə təmin edilməsi üçün tədbirlər görülüb.
Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində
abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz
qalmışdır – qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənmiş,
balkon və eyvanlar şüşələnmiş, fasadlarda müxtəlif naqillər və
borular çəkilmiş, birinci mərtəbələrdə fasadlar müasir
materiallarla üzlənmiş, kondisionerlər və reklamlar
quraşdırılmışdır və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd
olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi
təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox
binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş
verdi.
Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi
itirilmiş, tikililərə bərpası mümkün olmayan ziyan dəymişdir.
Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib
çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə
abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının
ovulması baş tutub.
Uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların
görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin
bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə
salınması həyata keçirilir.
Qeyd olunanlarla bağlı uzun illər öncə görkəmi dəyişdirilən və
ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi təmin
olunur. Fasadların daş hissələri, o cümlədən son illərdə rənglənmiş
daş fasadlar təzyiq altında su ilə təmizlənir,. Lakin əvvəlcədən
daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan
orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanacaq.
Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq
üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına
ciddi nəzarət olunur”.





























