Advertisement

Sabirabadda polislərə zor tətbiq edən şəxslərin məhkəməsi başlayır

Bakı. Trend:

Ötən il noyabrın 30-da Sabirabad rayonu ərazisində xidməti
vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etməklə
müqavimət göstərərək xuliqanlıq hərəkətləri edilməsi faktı üzrə
rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı
tamamlanıb.

Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
istintaqla rayonun Moranlı kənd sakinləri Rizvan və Ruslan
Mansurovların qeyd olunan tarixdə sonuncuya məxsus çayxanada qumar
oyunlarının təşkil edilməsini aşkar etmiş xidməti vəzifələrini
yerinə yetirən Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına zor
tətbiq etməklə müqavimət göstərmələrinə, daha sonra bir qrup şəxs
halında xuliqanlıq hərəkətləri etmələrinə əsaslı şübhələr müəyyən
edilib.

Toplanmış sübutlar əsasında Rizvan və Ruslan Mansurovlara
Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən
ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət
nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci
(hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq
etmə) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin
vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə
göndərilib.