Advertisement

Səhiyyə Nazirliyində “Malyariyaya son” təşkilatının rəhbərliyi ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində “Malyariyaya son” (“Malaria No More”)
təşkilatının idarəedici direktoru Kelli Uillis və baş direktoru
Martin Edlundla görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ötən ilin mart
ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanı
“malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb.
Onun sözlərinə görə, malyariya ilə mübarizədə uğur, həm də
beynəlxalq tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində
mümkün olub.

Nazir, həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini diqqətə
çatdırıb. Azərbaycanda dövlət başçısının müvafiq Sərəncamı ilə
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini
vurğulayan Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə
həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi
təsirlərinə həsr olunduğunu bildirib. Nazir Bakıda keçirilən
“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin iqlim
dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək
üçün uğurlu bir platforma olduğunu qeyd edib. Eyni zamanda,
sammitin iqlim sektorları üzrə mütəxəssislərin əməkdaşlığı üçün bir
fürsət olduğu diqqətə çatdırılıb.

Öz növbəsində Kelli Uillis və Martin Edlund Azərbaycanın ölkədə
malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata
keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. “Malyariyaya son”
təşkilatının rəhbərliyi, həmçinin ölkəmizi COP 29 kimi mötəbər
tədbirin ev sahibliyinə seçilməsi münasibətilə təbrik ediblər.
Onların sözlərinə görə, Azərbaycanın COP29-un ev sahibi olaraq
səhiyyəni iqlim siyasətinin vacib hissəsi kimi irəli çəkmək və
investisiya gündəliyini təşviq etmək imkanı var. Həmçinin, Bakıda
keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal
sammitinin əhəmiyyəti qeyd olunub.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.