Advertisement

ADA Məktəbində “Məzun günü” (FOTO)

Bakı. Trend:

İyunun 14-də ADA Məktəbində “Məzun günü” keçirilib.

2023-2024-cü akademik il üzrə ADA Məktəbində təhsil alan 127
məktəbli məzun adını qazanıb.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə
başlayan tədbirdə məktəbin direktoru Samirə Rəsulova məktəbin
pedaqoji kollektivi adından şagirdləri və onların ailə üzvlərini
“Məzun günü” münasibətilə təbrik edib. Samirə Rəsulova, həmçinin
məzunlara ölkəmizi şərəflə təmsil etməyi tövsiyə edib, onlara
gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mərasimdə Ayla Əhmədova məzunlar adından çıxış edərək ADA
Məktəbindəki yaddaqalan anlarını tədbir iştirakçıları ilə
bölüşüb.

Tədbirdə şagirdlər fərqli janrlarda milli və xarici musiqilər
səsləndirib, əyləncəli rəqslərlə çıxış ediblər. Tədbirdə, həmçinin
ADA Məktəbi Şagird Hökumətinin (“STUCO”) və Valideyn-Müəllim
Assosiasiyasının şagirdlərin akademik və digər fəaliyyətlərdə uğur
qazanmasındakı əvəzsiz töhfələri vurğulanıb.

Daha sonra tamaşaçılara 2024-cü ilin məzunlarının hazırladığı
maraqlı videoçarx nümayiş etdirilib və şagirdlərin hərtərəfli
formalaşması üçün gərgin fəaliyyət göstərən pedaqoqlara
minnətdarlıq ifadə edilib. Şagirdlər onlara həm akademik, həm də
şəxsi inkişafları üçün dəstək göstərən müəllimlərinə gül dəstələri
təqdim ediblər.

ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru Vəfa
Kazdal yüksək nəticə göstərən 25 şagirdə xüsusi diplom təqdim
etməzdən əvvəl çıxış edərək şagirdlərin ADA Məktəbində təhsil
aldıqları dövr ərzində əldə etdikləri uğurlardan, beynəlxalq
nailiyyətlərdən bəhs edib.

Sonda ADA Məktəbinin Akademik işlər üzrə şöbəsinin rəhbəri Ramil
Mustafayev, Şagird qəbulu və qeydiyyatı şöbəsinin rəhbəri
Leylaxanım Zeynalova və akademik işlər üzrə məsləhətçisi Mədinə
Əsgərli buraxılış siniflərinə diplomları təqdim edib və məzunlara
gələcək həyatlarında uğurlar arzulayıblar.

“Məzun günü”nün sonunda sülh rəmzi olan göyərçinlər səmaya
buraxılıb. Tədbir mantiya geyinmiş məzunların ənənəvi “papaq atma”
mərasimi ilə yekunlaşıb.