Advertisement

Müdafiə ehtiyacları ilə bağlı komissiya yaradılacaq

Bakı. Trend:

Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya
tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də, onların
strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə
münasibətdə Müdafiə Sənayesi Nazirliyi) tərəfindən satınalma
komissiyası yaradılacaq, komissiya onun adından satınalmanı
keçirəcək və bu Qaydada nəzərdə tutulan hallarda nəticəsi barədə
qərar qəbul edən müvəqqəti işçi qrup kimi fəaliyyət göstərəcək.

Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı
“Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və
onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nda əksini
tapıb.

Qaydaya əsasən, satınalmalar üzrə biri sədr olmaqla, tək sayda
azı 5 (beş) nəfərdən ibarət satınalma komissiyası satınalan
təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma
komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri
təyin edir. Satınalma komissiyasının tərkibinə satınalan təşkilatın
rəhbərinin müavini, maliyyə, hüquq, daxili nəzarət və təchizat
funksiyalarını həyata keçirən struktur bölmələrin rəhbərləri daxil
edilir. Satınalma komissiyasının sədri satınalan təşkilatın
rəhbərinin müavini olur.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar
Cəmiyyətinin və onun strukturuna daxil olan və ya tabeliyində olan
müəssisələrə münasibətdə satınalma komissiyası müdafiə sənayesi
naziri tərəfindən formalaşdırılır.

Tək sayda azı 5 (beş) nəfərdən ibarət satınalma komissiyasının
tərkibinə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
Aparatının aidiyyəti struktur bölməsinin rəhbəri də daxil edilir.
Satınalma komissiyasının sədri “Azərsilah” Müdafiə Sənayesi
Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru olur.

Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya
tabeliyində olan digər müəssisələrə və qurumlara münasibətdə
satınalma komissiyası bu Qaydanın tələbləri nəzərə alınmaqla
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri tərəfindən
formalaşdırılır və satınalma komissiyasının sədri Azərbaycan
Respublikası müdafiə sənayesi nazirinin müavini olur.

Satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını
əsaslandırmaqla və bu Qaydanı rəhbər tutmaqla sərbəst qəbul edir.
Satınalma komissiyasının iclaslarında, o cümlədən satınalmanın
nəticələri haqqında qərar qəbul olunarkən komissiya üzvlərinin azı
dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları komissiya
sədrinin iştirakı ilə sadə səs çoxluğu ilə qəbul edilir.

Komissiya üzvlərinin səsvermə zamanı bitərəf qalmasına yol
verilmir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi
həlledicidir. Satınalma komissiyasına şərtlər toplusunun tərtib
olunması, Qanunda göstərilən sənədlərə və təkliflərə baxılması,
onların qiymətləndirilməsi məqsədilə Qanunun tələbləri nəzərə
alınmaqla kənar məsləhətçilər (ixtisaslı mütəxəssislər və ya
ekspertlər) cəlb edilə bilər.

Satınalma komissiyası aşağıdakı qərarlardan birini və ya bir
neçəsini qəbul edir:

– şərtlər toplusunun təsdiq edilməsi haqqında;

– şərtlər toplusunda dəyişiklik edilməsi haqqında;

– təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında;

– satınalmanın ləğv edilməsi haqqında;

– təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin
müəyyənləşdirilməsi haqqında;

– satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında
bölünməsi haqqında;

– təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində
başa çatmadıqda, bu müddətin uzadılması haqqında.

Qərarlar onların qəbul olunmasında iştirak etmiş satınalma
komissiyasının bütün üzvləri tərəfindən həmin gün imzalanır.

Satınalma komissiyasının qərarları ilə razılaşmayan üzvlər öz
xüsusi rəylərini təqdim edərək qərarı imzalayırlar. Xüsusi rəy iki
və daha artıq üzvlə birgə və ya fərdi rəylər şəklində tərtib edilə
bilər.

Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri
haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən yekun protokol
tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən
imzalanır.

Satınalma komissiyasının bütün qərarları protokolla
rəsmiləşdirilir. Satınalma komissiyası satınalmaları Qanunun
tələbləri nəzərə alınmaqla təşkil edir.

Satınalma komissiyasının sədri və digər üzvləri bu Qayda ilə
müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf
mövqedən çıxış etməlidirlər.

Satınalma komissiyası bu Qaydadan irəli gələn tələbləri
pozduqda, təchizatçılar satınalan təşkilatın rəhbərinə (Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan
və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də
onların

strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə
münasibətdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə)
müraciət edə bilərlər. Satınalan təşkilatın rəhbəri satınalmanın
təşkili və keçirilməsi zamanı bu Qaydanın tələblərinin pozulmasını
təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan
təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul
olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən
başqa satınalma komissiyasının sədri və digər üzvləri 5 (beş) il
ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq
hüququndan məhrum edilirlər.

Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanunazidd
hərəkətləri (hərəkətsizliyi) nəticəsində təchizatçıya maddi zərər
dəymişdirsə və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə
təsdiq edilmişdirsə, zərəri satınalan təşkilat ödəyir.