Bakı. Trend:
Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı
mənzil-qərargahında müstəmləkəçiliyə qarşı mübarizəyə dair
keçiriləcək konfransdan əvvəl iştirakçılar və media nümayəndələri
üçün məlumatlandırma sessiyası təşkil olunub.
Trend xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün
Hacıyev “Müstəqilliyə və Fundamental Azadlıqlara doğru:
Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu” adlı
konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı
ərazilərdən nümayəndələr, habelə 40-dan artıq rəsmi şəxs,
müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə
ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edəcəklərini
bildirib.
O deyib ki, konfransın təşkilində məqsəd neokolonializmdən
əziyyət çəkən xalqların ədalətli mübarizəsini dəstəkləmək, bu
sahədə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində onlara
dəstək nümayiş etdirməkdir. Elgün Hacıyev, həmçinin dəvət olunmuş
bəzi şəxslərin tədbirə qatıla bilməyəcəklərini vurğulayaraq deyib:
“Bunun səbəbi Fransa hökumətinin əsas göstərmədən onları öz hava
limanlarından buraxmamasıdır. Biz hesab edirik ki, bu, təzyiq
vasitəsidir. Lakin onların buraxılmaması bizim mübarizəmizə heç bir
mənfi təsir göstərməyəcək. Biz hər zaman müstəmləkələrin ədalətli
mübarizəsini dəstəkləyirik”.
Sonra tədbir iştirakçıları təmsil etdikləri ərazilərin üzləşdiyi
problemlər, o cümlədən kolonial ölkə tərəfindən insan hüquqlarının
pozulması, yeni müstəmləkəçilik meyilləri barədə məlumat verib,
sözügedən konfransın öz səslərini dünyaya çatdırmaq üçün çox vacib
platforma rolu oynayacağını qeyd ediblər.
Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest son bir ay
ərzində Fransa hökumətinin addımlarına görə Yeni Kaledoniyanın çox
çətin günlər yaşadığını deyib. “Biz bu gün buradayıq. Bu məsələni
beynəlxalq səviyyədə qaldırırıq, Bakı Təşəbbüs Qrupu ilə birlikdə
nə edə biləcəyimizi nəzərdən keçiririk. Bu gün burada olmaq bizim
üçün çox vacibdir”, – deyə o vurğulayıb.
Braziliya Universitetinin dayanıqlı inkişaf və dekolonizasiya
üzrə professoru Luis Felippe də Yeni Kaledoniyada baş verənlərin
zorakılıq olduğunu bildirib. Onun sözlərinə görə, müstəmləkəçilik
bu gün də davam edir və bizim bir araya gələrək bu barədə
danışmağımız çox vacibdir.
“Bonayre” insan haqları təşkilatının vitse-prezidenti Ceyms
Finies bonayr xalqının çox çətin dönəmdən keçdiyini deyib. Bildirib
ki, dünya bundan xəbərdar olmalı, bu problemin qarşısını almalıdır.
“Bu cür tədbirlərlə biz öz səsimizi eşitdirə bilərik. Çünki bizim
səsimizi eşitdirə biləcəyimiz platforma, forum yoxdur. Bu, bizim
üçün çox vacibdir və sevinirik ki, sabah bu cür imkan əldə
edəcəyik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, konfrans BMT-nin Müstəmləkə altında olan ölkələr
və xalqlara müstəqillik verilməsi haqqında Bəyannamənin icrası ilə
bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində
baş tutacaq.





























