Advertisement

105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb

Bakı. Trend:

Oxumaq heç vaxt gec deyil. Bu deyim Vircinia Hislop adlı
amerikalı qadın üçün tam yerinə düşür. Belə ki, 105 yaşında olan
Hislop Stanford Universitetində magistr proqramına başladıqdan 83
il sonra, yəni bu həftənin sonunda magistr dərəcəsi alıb.

Trend ABC telekanalına istinadla xəbər verir ki, Stanford
Universitetinin saytındakı məlumata görə, 1936-cı ildə təhsil
sektorunda işə başlamış, bakalavr təhsili almaq və sonra magistr
olmaq niyyətində olan Hislop 1940-cı ildə bakalavr təhsilini
bitirsə də, İkinci Dünya müharibəsi başlayanda universiteti tərk
edib.

Yalnız kurs işini bitirdikdən sonra və son dissertasiyasını
təqdim etməzdən əvvəl onun Ehtiyat Zabitlər Təlim Korpusunda (ROTC)
magistr təhsili alan sevgilisi hərbi xidmətə çağırılıb. Bu,
cütlüyün evlənməsinə və Hislopun Stanford Universitetini tərk
etməsinə səbəb olub.

Ömrü boyu təhsil sektorunda çalışan Hislop 83 illik fasilədən
sonra Stanforda qayıdıb və onilliklər əvvəl – İkinci Dünya
müharibəsi ərəfəsində başladığı işi bu həftə tamamlayıb.
Universitetin fakültə dekanı Deniel Şvarts diplomun təqdimatı
mərasimində deyib: “Bu gün biz 105 yaşlı məzunumuza təhsil
sahəsində magistr dərəcəsi verməkdən qürur duyuruq”.

Stanford Universitetində magistr dərəcəsi diplomunu almaq üçün
səhnəyə çıxan 105 yaşlı qadını alqışlayanlar arasında onun
nəticələri və kötücələri də olub.