
Bakı. Trend:
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi
ərazisində mina hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə
Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında
bildirilib.
Qeyd edilir ki, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il
təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun
idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə
tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma
aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd
olmadıqları ərazilərə daxil olmamağa çağırır.

























