
Bakı. Trend:
İyunun 21-dən etibarən dövlət ümumi təhsil müəssisələrində
çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test
imtahanı mərhələsinə start verilir.
Bu barədə Trend-ə Təhsil İnstitutunun nəzdində İnsan Resursları
Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sertifikatlaşdırma prosesində riyaziyyat və
xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi),
rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini
tədris edən müəllimlər iştirak edəcəklər.
Qeyd edək ki, proses iyunun 21-də, 22-də və 24-də baş tutacaq.
Növbəti günlərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat
müəllimləri sertifikasiyada iştirak edəcəklər.
Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma
prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər
növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün
sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin
imtahanda iştirakı könüllü formada təşkil edilir.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb
olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə
maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10
faiz artım tətbiq edilib.





























