Advertisement

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

İyunun 20-də ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend-in xəbərinə görə,
telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan
arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş
nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin
normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli
olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini
imzalamağa dəvət edib.

Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi
əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə
məqsədlərə nail olmaq yolunda ölkərimiz arasındakı konstruktiv
əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə
yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini
deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un
uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh
müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin
təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli
əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması
səylərinin davam etdirildiyini vurğulayıb. ABŞ-ın sülh gündəliyinə
töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı
Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili
normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi
iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması
baxımdan vacibliyini qeyd edib.

Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə
səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in
Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə
rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə
edib.

Prezident İlham Əliyev enerji sahəsində ölkələrimiz arasında
çoxillik uğurlu əməkdaşlığa toxunub, iqlim dəyişliyi və COP29-a
hazırlıq prosesi çərçivəsində ölkələrimizin nümayəndə heyətləri
arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP29-un
uğurla nəticələnməsi üçün ABŞ-ın dəstək niyyətinə görə təşəkkür
edib. Dövlətimizin başçısı Azərbaycanın da ABŞ ilə əlaqələrə
əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da
möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını
dəstəklədiyini bildirib.

Telefon danışığı əsnasında ölkələrmiz arasında ali səviyyədə
məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı
səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və
demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi
məsələlərə dair fikir mübadiləsi aparılıb.