Advertisement

Vəkillik fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir – Səbinə Əliyeva

Bakı. Trend:

Qanunvericiliyə edilən dəyişikliyə əsasən mülki işlər üzrə də
vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan
şəxslərin dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ təsbit
olundu.

Trend xəbər verir ki, bunu bu gün Vəkillər Kollegoyasının
keçirilən iclasında çıxışı zamanı Ombudsman Səbinə Əliyeva çıxışı
deyib.

“Ölkəmizdə vəkillik fəaliyyətinin gücləndirilməsi və
müasirləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini
təşkil edir və göründüyü kimi, vəkillik sahəsində aparılan
islahatlar son nəticədə insan hüquq və azadlıqlarının daha səmərəli
təmin edilməsinə şərait yaradır.

Ombudsman təsisatı olaraq əhalinin peşəkar hüquqi yardımla təmin
edilməsi və bununla da hüquq və azadlıqların daha etibarlı
müdafiəsi, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və
maarifləndirmə işinin təşkili istiqamətində Vəkillər Kollegiyası
ilə əməkdaşlıq davam etdirilir. Xüsusi ilə vurğulanmalıdır ki,
Ombudsman “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununun, habelə vəkillik fəaliyyəti ilə bağlı
digər normativ-hüquqi aktların təkmilləşdirilməsi prosesində
yaxından iştirak edir”, – o qeyd edib.

Onun sözlərinə görə, vəkillərin fəaliyyəti ilə bağlı Ombudsmana
ünvanlanmış şikayətlərlə bağlı müvafiq araşdırmanın aparılması və
zəruri tədbirlərin görülməsi üçün tərəfimizdən Vəkillər
Kollegiyasına göndərilmiş müraciətlərə xüsusi həssaslıqla yanaşılır
və zəruri tədbirlərin görülməsi təmin edilir. Bundan başqa,
vəkillər tərəfindən Ombudsmana ünvanlanan şikayətlərə də
qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq
cavablandırılması təmin edilir.