
Bakı. Trend:
Bakıda tarixi binalarının fasadlarında aparılan cari təmir
işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması
məqsədilə xüsusi Komissiya yaradılır.
Bu barədə Trend-ə Bakı Şəhər
İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, BŞİH paytaxtın təsərrüfat xidmətləri
rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə
bir sıra məsələlər müzakirə edilib. Şəhər İcra Hakimiyyətində
fəaliyyət göstərən monitorinq qrupları rayonlar üzrə mütəmadi
olaraq reydlər keçirir və mövcud çatışmazlıqlar müəyyən edilərək
aradan qaldırılması üçün aidiyyəti qurumlara və yerli RİH-nə
göndərilir.
Qeyd olunub ki, paytaxt ərazisində təmizlik məsələlərinin daha
da yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər Mənzil
Kommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə tövsiyə edilib
ki, rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlər müzakirə
edilsin, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılması
üçün tədbirlər görülsün. Həmçinin şənbə günü təmizliklə bağlı
ümumşəhər daxili iməciliyinin keçirilməsi tapşırılıb.
Müşavirədə qərara alınıb ki, paytaxtın rayonlarında tarixi
binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin
araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya
yaradılsın və onun üzvləri aidiyyəti qurumların nümayəndələri ilə
birgə təmir işlərinin monitorinqini həyata keçirsinlər.





























