
Bakı. Trend:
Azərbaycan ilə Rusiya arasında münasibətlər bu gün ən yüksək
səviyyədədir və buna 2022-ci ilin fevralında imzalanmış Müttəfiq
Əməkdaşlıq haqqında Bəyannamə kömək edir.
Trend xəbər verir ki,
bunu bu gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının
5-ci iclasında deyib.
“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək
səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət onların
inkişafına kömək edib”, – o deyib
Hacıyevin sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə
ikitərəfli əlaqələrlə yanaşı, regionlararası əməkdaşlıq da
genişlənir.
“Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə
əlaqələr saxlayır, Rusiyanın regionları ilə azərbaycanlı
tərəfdaşlar arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni
əlaqələrə dair 10-dan çox saziş mövcuddur”, – Hikmət Hacıyev
vurğulayıb.
O qeyd edib ki, dünyada “nəqliyyat arteriya”larına təcili
tələbat var.
“Azərbaycan Avrasiyanın müxtəlif nəqliyyat təşəbbüslərinin
iştirakçısıdır. Belə ki, ITC (Beynəlxalq Nəqliyyat Dəhlizi)
Şimal-Cənub xəttinin genişləndirilməsi istiqamətində işlər
aparılır. Azərbaycan bu logistik strukturun inkişafına fəal şəkildə
investisiya yatırmaqda davam edir və dəhlizin Azərbaycan hissəsinin
imkanları genişləndirilir. Şübhəsiz ki, bu, təkcə Azərbaycan və
Rusiyanın deyil, bütün regionun xeyrinə olacaq”, – Hacıyev
deyib.
O qeyd edib ki, Azərbaycanda Moskva Dövlət Universitetinin və
tibb universitetinin filialları fəaliyyət göstərdiyindən, 300-dən
çox məktəbdə tədris rus dilində aparıldığı üçün təhsil
məsələlərində də mütərəqqi əməkdaşlıq inkişaf edir.
O həmçinin vurğulayıb ki, iki ölkə arasında ikitərəfli və
çoxtərəfli münasibətlərin uzun tarixi var və onların gələcək
inkişafında ekspert şurasının rolu çox vacibdir.
(Tərcümə: Gülnarə Kərimova)





























