
Bakı. Trend:
2024-cü il 19 mart tarixdə Əqli Mülkiyyət Agentliyinin
tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK)
Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif
Təvəkküloğlu Agentliyin rəhbərliyinin təbriklərini çatdırıb,
xalqımız üçün əlamətdar olan bu günün qeyd olunması tarixindən
danışıb, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlməsindən sonra Novruz bayramının ölkəmizdə daha təmtəraqla qeyd
olunduğunu, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin
rəhbərliyi altında işğal olunmuş torpaqlarımız azad olunduqdan
sonra isə bu bayramın Azərbaycanın bütün ərazisində keçirildiyini
bildirib. O, Novruz bayramının mənəvi dəyərlərinə toxunaraq
insanların ürəyinə mərhəmət, birlik, paylaşmaq kimi insani
keyfiyyətlər aşılayan bu bayram məhz qəlblərin bayramı olduğunu
vurğulayıb.
RETK-nın direktoru Mübariz Məmmədli çıxışında Novruz
ənənələrinin hələ qədimlərdən başlandığını, Orta və Mərkəzi Asiya,
Yaxın və Uzaq Şərq ölkələrində də qeyd olunduğunu bildirib. O,
qədimtarixi köklərə malik olan Novruz bayramının təbiətin oyanışı
ilə əlaqədar olduğunu, dünyanın bir çox ölkələrində keçirilən bu
bayramın adət-ənənələrinin uzun illərdir ki, qorunub saxlanıldığını
və bundan sonra da saxlanılacağını söyləyib. Martın 18-də Prezident
İlham Əliyevin Xankəndi şəhərində Novruz tonqalını
alovlandırmasının hər bir kəsdə qürur hissi yaratması diqqətə
çatdırılıb.
Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli,
RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya
Qənbərova Novruz bayramının əhəmiyyətindən danışıblar.
Tədbir zamanı Novruz bayramı ilə əlaqədar video-çarx nümayiş
etdirilib.





























