Advertisement

Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirilir

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı
ilə Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Qurama
Festivalına start verilib. Festivalın açılışı 20 iyun tarixində
Şirvanşahlar Sarayında baş tutub.

Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsindən məlumat verilib.

22 iyun tarixinədək davam edəcək festivalın açılışında dövlət
rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri,
eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan
qurama sənətkarları iştirak ediblər.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
İdarə Heyətinin sədri Şahin Seyidzadə, Türk Mədəniyyəti və İrsi
Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin üzvü və
Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa və UNESCO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur
Fətəliyev giriş nitqi ilə çıxış edərək festivalın əhəmiyyəti, Türk
dünyasının qədim irsini yansıdan qurama sənətinin qorunub
saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini
vurğulayıb, festival iştirakçılarına uğurlar arzulayıblar.

Açılış tədbirində bildirilib ki, unudulmaq təhlükəsi yaşayan
quramanın təbliğinə xidmət edən festivalın Bakı ilə yanaşı,
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini də əhatə edəcəyi
nəzərdə tutulur. Beynəlxalq Qurama Festivalı çərçivəsində quramanın
ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə həsr olunmuş
beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif
məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond
kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında
yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil
olunacaq.